QHT Agentliyinin dəstəyi ilə Naxçıvanda jurnalistika konfransı keçiriləcək: JEM-in layihəsi - Foto, video

14:57 21 İyun 2024

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin icrasına başlayır.

"Sitat.info" xəbər verir ki, 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində peşənin tarixi aspektlərini özündə birləşdrən sənədli-bədii filmin ssenarisindən ibarət “Fövqündə” adlı kitab nəşr ediləcək. Kitaba seçilən ad jurnalistikanın mahiyyətinə uyğundur. Jurnalist hadisələrin fövqündə dayananda yaşananları aydın görə və peşəkarlıqla göstərə bilir.

Layihənin ikinci mərhələsində Naxçıvan Dövlət Universitetində juranlistikanın 149 illik tarixinə həsr olunan konfrans keçiriləcək. Naxçıvan Muxtar Respublika ictimaiyyəti nümayəndələrinin – yerli elm adamlarının, müəllimlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti institutu təmsilçilərinin, o cümlədən tələbələrin  iştirakı ilə keçiriləcək konfransda “Azərbaycan jurnalistikasının hazırlıq dövrü” –  (1875-ci ilə qədərki dövr);  “Azərbaycan milli mətbuatının, jurnalistika sisteminin yaranması və formalaşması dövrü” –  (1875-1917-ci illər); “AXC dövrünün mətbuatı” –  (1918-1920-ci illər); “Sovet dövrü Azərbaycan jurnalistikası” –  (1920-1991-ci illər); “Müasir Azərbaycan jurnalistikası” –  (1991-ci ildən başlayan və davam edən dövr), “Sosial şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri” mövzularında mühazirələr deyiləcək. 3 nəfəri Bakını, 3 nəfəri Naxçıvanı təmsil edəcək mühazirəçilər filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, BDU, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva olacaq. Layihə çərçivəsində nəşr olunan “Fövqündə” ssenari kitabı konfrans iştirakçılarına hədiyyə veriləcək. Bununla yanaşı, tədbirdə söyləniləcək mühazirələrin, səsləndiriləcək təkliflərin, aparılacaq müzakirələrin nəticələri təsnifatlandırılaraq, təkliflər paketi formatında hazırlanıb müvafiq qurumlara təqdim olunacaq.

“Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin məqsədi Azərbaycan jurnalistikasının vizual mənzərəsinin yaradılması istiqamətində film sənayesinə dəstək göstərmək, medianın dövlət maraqlarını əsas tutaraq yeni dünya standartlarına uyğun inkişafına təkan olmaq, təmsil olunduqları peşəyə bağlılığın möhkəmləndirilməsinin vacibliyi ilə bağlı gənc jurnalistlərə mesaj vermək, onları daha peşəkar fəaliyyətə həvəsləndirməkdir. Kitabın bir qismi Bakıda və Naxçıvanda fəaliyyət göstərən redaksiyalara, tələbələrə hədiyyə veriləcək.




Xəbər xətti