Azərbaycan və Ermənistan QHT-ləri görüşlərə başlaya bilər

11:49 28 Sentyabr 2024

Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Tərəflər sülh müqaviləsi layihəsinin demək olar ki, 80 faizini razılaşdırıb.

Maraqlıdır, sülh dialoquna töhfə üçün iki ölkənin vətəndaş cəmiyyətləri də görüşə bilərmi?
 

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, sülh danışıqlarında hələ ciddi nəticə əldə olunmayıb:
 

"Sülh danışıqlarında prinsipial məsələlərin razılaşdırılması hələ baş tutmayıb. Ermənistan elan olunan sülh layihəsinin bəndlərinin çox hissəsini razılaşdırsa da, prinsipial məsələlər qalır. Yəni hələ də bu ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiları mövcuddur. Sülh danışıqlarının getməsi müsbət haldır. Lakin ciddi nəticə olmayınca, nəsə demək çətindir".

S.Məmmədov vurğulayıb ki, vətəndaş cəmiyyətləri arasında müəyyən təmaslar ola bilər.

"Ancaq Vətəndaş Cəmiyyətinin burada missiyası sülh layihəsi hazırlamaq deyil. Xalqların barışdırılması, qonşu kimi gələcəkdə yaşamağın mümkünlüyü ilə bağlı məsələlər bu görüşlərdə müzakirə oluna bilər. Ən yaxşı halda hansısa sənəd imzalandıqdan sonra müəyyən sturkturların təmasları başlaya bilər. Diplomatik, iqtisadi münasibətlər yarandıqdan sonra bunun fonunda artıq QHT-lər, media, ayrı-ayrı fəallar xalqların qarşılıqlı etimad qazanması üçün nəsə edə bilərlər. Bir də azərbaycanlıların qayıdış məsələsi müzakirə oluna bilər. Təəssüf ki, indi bunun üçün ciddi zəmin yoxdur. İndi hansısa QHT-lərin görüşməsinin elə ciddi əhəmiyyəti olmayacaq. Amma bütün hallarda belə təmaslar mümkündür. Beynəlxalq tədbirlərdə onsuz da vətəndaş cəmiyyətinin nümayəndələri qarşılaşırlar. Bizim orada tanıdığımız hüquq müdafiəçiləri, onların burada tanıdıqları var".

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli söyləyib ki, ikitərəfli münasibətlərin, təmasların konkret hüquqi əsasları yaradılıb:
 

"Bir qayda olaraq, vətəndaş cəmiyyətləri arasındakı dialoq etimad mühitinin yaradılması məqsədi ilə həyata keçirilir. Etimad mühiti ona görə vacibdir ki, ikitərəfli dialoq mexanizmi yaransın. Lakin Azərbaycanla Ermənistan artıq ikitərəfli dialoqa nail olublar. Ötən müddət göstərir ki, bu dialoq dayanıqlı və ardıcıldır. İkitərəfli dialoq nəticəsində Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin bir hissəsi artıq delimitasiya və demarkasiya olunub. Sərhəd təhlükəsizliyi məsələləri ilə əlaqədar komissiyaların reqlamenti təsdiqlənib. Bu o deməkdir ki, ikitərəfli münasibətlərin, təmasların konkret hüquqi əsasları da yaradılıb. Belə olan halda vətəndaş cəmiyyətlərinin dialoqa töhfə verməsi yalnız çərçivə sazişinin imzalanmasından sonra əhəmiyyətli olar. Bu, mənim şəxsi yanaşmamdır. Sülh sazişi imzalandıqdan sonra artıq tərəflər sazişdən irəli gələn məsələlərin həyata keçirilməsinə töhfə verə bilərlər".

Z.İbrahimli qeyd edib ki, indiki halda Azərbaycan və Ermənistan QHT-lərinin müzakirəsi inamdan çox, inamsızlıq yarada bilər:

"Ermənistan vətəndaş cəmiyyətinin yanaşmasını, onların ekspert icmasının baxışlarını çox diqqətlə izləyirik. Təəssüf ki, konstruktiv mövqe sərgiləyənlər azdır. Biz daha çox təhdidçi mövqenin, revanşist yanaşmanın şahidi oluruq. Azərbaycanı narahat edən ən başlıca məslələrlə bağlı biz Ermənistan vətəndaş cəmiyyətində pozitiv elementlər görmürük. Əlbəttə, Ermənistan cəmiyyətində də müəyyən pozitiv dəyişikliklər gözdən qaçmır. Xüsusilə də revanşist qüvvələrin aksiyalarının cəmiyyət tərəfindən geniş dəstək ala bilməməsi müsbət haldır. Lakin biz eyni zamanda Ermənistan QHT-lərinin bütün əlçatan beynəlxalq platformalarda Azərbaycanla bağlı qeyri-konstruktiv mövqedə çıxış etdiyini görürük. Bunun çox sayda nümunələri var. Belə bir halda bu dialoqun nə qədər effektli olacağı da ciddi sual doğurur. Lakin sülh danışıqları yekunlaşdıqdan sonra, dövlətlərarası münasibətlərin yaranması ilə ölkələrimizin vətəndaş cəmiyyətləri üçün dialoq imkanları açılacaq".



Xəbər xətti