Şuşada mötəbər tədbir keçirildi

13:17 8 Oktyabr 2024

Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

Sitat.info xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Tədbirdə TDT-nin fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə qurumun yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu deyərək bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim də səylərimiz xüsusilə çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib. “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev TDT-nin səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə nazirinin müavini Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Macarıstanın təmsilçisi tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.

Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri həmçinin Azərbaycanın "Türktransplant" sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

Daha sonra ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.

Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar.

Eyni zamanda TDT-yə üzv və müşahidəçi ölkələrinin Səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.



Xəbər xətti