2025-ci ildə Azərbaycan manatının dollar qarşısında məzənnəsinin necə dəyişəcəyi mövzusunda müxtəlif fikirlər irəli sürülür. İqtisadçılar ölkənin xarici borcları, neft qiymətləri və qlobal iqtisadi təsirlər nəzərə alaraq devalvasiya ehtimalını istisna etmirlər. Manatın stabil qalması üçün hökumətin və Mərkəzi Bankın iqtisadi tədbirləri vacib amildir. Lakin qlobal iqtisadi təzyiqlər nəticəsində məzənnədə dəyişikliklər baş verə bilər. Gözləntilər 2025-ci ilin iqtisadi mühitindən və neft bazarındakı vəziyyətdən asılı olacaq.
Bəs növbəti ildə dollar-manat məzənnəsi ilə bağlı proqnozlar nədir, ümumi makroiqtisadi göstəricilər fonunda vəziyyət necə olacaq? Devalvasiya gözlənilirmi?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlamasında hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırki bazar konyukturasında devalvasiya gözlənilmir: "Bunu xüsusi vurğulayıram ki, milli valyutanın qısamüddətli dövr üçün proqnozunu vermək çətindir. Çünki Azərbaycanda milli valyutanın məzənnəsi inzibati yolla idarə olunur. Hətta konyuktura kəskin dəyişsə də, bunu Mərkəzi Bank Neft Fondunun 60 milyarda yaxın olan valyuta ehtiyatları hesabına tənzimləyə bilər. Hətta ola bilər ki, devalvasiya üçün şərait olsun, ancaq Mərkəzi Bank bunu etməsin. Bizim ölkədə proqnoz vermək olmur. Ancaq məzənnənin bazar yolu il həll olunduğu ölkələrdə proqnoz vermək mümkündür”.
Ekspert qeyd edir ki, qarşıdakı 3 ildə devalvasiya olma ehtimalı böyükdür: ”Ona görə ki, neftin qiymətindən asılı olmayaraq neft hasilatımız azalır, valyuta ehtiyatlarımız azalacaq. Biz də bazara başqa heç nə satmırıq. İqtisadiyyatımızın təlabatı, insanların təlabatı isə artır. İşğaldan azad olmuş ərazilərdə də infrastruktur layihələri və digər işlər çoxdur. Pul çox tələb olunur, amma get-gedə gəlirlər azalacaq. Bu nöqteyi-nəzərdən baxanda bəli devalvasiya ola bilər. Ancaq gələn il necə olacaq, bunu dəqiq demək olmur. Böyük ehtimal 2025-ci ildə devalvasiya olmayacaq. Amma ola bilər ki, bazarda nə isə kəskin dəyişsin və bu zaman devalvasiya ola bilər”.
Aytac Baxış,
Sitat.info