"Yelo Bank"-ın qarşısındakı dövlət bayrağının yerə düşməsi geniş müzakirələrə səbəb olub. Bank rəhbərliyinin dövlət bayrağına laqeyd yanaşması ictimaiyyətin qınağına səbəb olub. Bəs, bayraq yerə nə vaxt düşüb, bu xoşagəlməz mənzərə necə yaranıb?M
əsələ ilə bağlı "Yelo bank"ın da mövqeyini öyrənməyə çalışdıq. İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial məsuliyyət üzrə menecer Gülşən Həsənzadə sitat.info-ya məsələni belə izah etdi:
"Səhər qarşınıza çıxmış paylaşımla bağlı açıqlama vermək istərdim. Anlıq bir foto bütün mənzərə haqda çox yanlış bir fikir yansıda bilər.
Hər il Zəfər Günümüzü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgimizi ifadə etmək məqsədilə Baş ofisimizdən üçrəngli bayrağımızı asırıq. Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk.
Təəssüf ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub. Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər.
Bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir. Bu hadisə iş saatlarından kənar vaxtda baş versə də, növbədə olan əməkdaşlarımız öz gücünə bayrağı dərhal endirib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Təəssüf ki, həmin bir neçə dəqiqəlik zaman çərçivəsində çəkilən bir foto ictimaiyyətə yanlış izahla təqdim edilib. Korporativ Sosial Məsuliyyətli bir təşkilat olaraq, Yelo Bank-ın şəhid və qazi ailələrini dəstəkləmək istiqamətində gördüyü işlər hər kəsə məlumdur. Təbiət hadisəsindən heç birimiz sığortalanmamışıq və məlum hadisə bizi çətin vəziyyətə salıb. Əməkdaşlarımız isə öz vətəndaşlıq borcunu dərhal yerinə yetiriblər.
Bu hadisənin yanlış anlaşılmasına görə böyük təəssüf hissi keçirir və vəziyyəti anlayışla qarşılayan hər kəsə təşəkkürümüzü bildiririk. Qəhrəman şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağa davam edəcəyik!"
Aytac,
Sitat.info