Əsəd rejiminin yıxılması İran və Rusiya üçün nə deməkdir?

20:30 4 Dekabr 2024

Rusiya və İran Əsəd rejiminə dəstəyini davam etdirir. Ancaq Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Əsədin daimi hərbi dəstək istəkləri Kremli bezdirməyə başlayıb. Rusiya Suriyada həm hərbi texnikasını itirir, həm də hərbçiləri təhlükə altındadırlar.

Sitat.info Azar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyada baş verən son toqquşmalar haqda qeyd edib.

O bildirib ki, Suriya Rusiya üçün Ukrayna qədər əhəmiyyət kəsb etməməlidir:

“İran üçün Əsəd rejiminin yıxılması böyük itki və qonşu ölkə olaraq ciddi təhlükədir. Rusiya üçün isə Əsəd rejiminin yıxılması uzaqbaşı bu ölkədə sovetlərdən qalma hərbi bazasının itirilməsidir. Əlbəttə, Kreml Əsəd rejiminin yıxılmasını istəmir, ancaq bu, nə vaxtsa baş verərsə, Moskva alternativlər barədə düşünmək məcburiyyətində qalacaq. Misal üçün Əsədin yerinə hakimiyyətə onun ətrafından biri gəlib müxalifətlə ümumi dil taparsa, bu, Rusiya üçün də faydalı olar. Rusiya bu halda həm Suriyadakı bazasını qorumuş olacaq, həm də indiki qədər Suriyaya hərbi potensialını xərcləməyəcək”.

Qeyd edək ki, Suriyada nisbi sabitlik “Heyət Təhrir əş-Şam”ın Hələb və İflibi ələ keçirməsi ilə bitib. Hazırda Həma yaxınlığında rejim qüvvələri ilə silahlı müxalifət arasında qızğın döyüşlər gedir.



Xəbər xətti