“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Sitat.info xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnun olduğunu bildirib, “Bayraktar Teknoloji Azərbaycan” ilə ali məktəb arasında təməli qoyulan əməkdaşlığın müsbət nəticələrinə inamını ifadə edib.
Sonra rəhbəri olduğu qurumun fəaliyyətinə dair təqdimatla çıxış edən Hüseyn Topuz “Bayraktar Teknoloji Azərbaycan”ın həyata keçirdiyi layihələri və qarşıdakı hədəfləri barədə geniş məlumat verib. O, universitet tələbələrinin şirkətdə geniş təcrübə imkanlarına toxunub, habelə BMU-nun elektrik və elektronika, mexanika, kompüter mühəndisliyi, o cümlədən informasiya texnologiyaları sahələrində tədris, tədqiqat potensialını yüksək qiymətləndirərək, ali məktəbin tələbələrinin MMC-də təcrübə proqramlarında iştirakına maraqlı olduqlarını deyib.
BMU tələbələrinə nüfuzlu bir şirkətdə təcrübə üçün yaradılacaq şəraitə görə Hüseyn Topuza minnətdarlığını bildirən Yaqub Piriyev müəssisələrdə başlayan təcrübənin sonradan iş imkanına qapı açdığını deyərək bu mənada təcrübə təklifini müsbət qiymətləndirib.
Görüşdə gələcək əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.
Görüşün ardınca nümayəndə heyəti universitetin Kibertəhlükəsizlik və digər laboratoriyaları ilə tanış olub, həmçinin Texnoparka baş çəkib. Burada qonaqlar BMU tələbələrinin layihələri, hazırladıqları pilotsuz uçuş aparatları və onların gələcək planları ilə yaxından maraqlanıblar.