Prezidentin adından yayılan saxta videomüraciət... - MEDİA

20:19 28 Yanvar 2025

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb.

Sitat.info xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda vurğulanıb.



Xəbər xətti