Serbiya Prezidenti Aleksandar Vuçiç bir neçə vaxtdır ölkədə keçirilən aksiyaların iştirakçılarını danışıqlara dəvət edib.
Sitat.info xəbər verir ki, Aleksandar Vuçiç Belqrad Universitetinin rektorlar kollegiyasını fevralın 5-də görüş keçirməyə dəvət edib.
“Tələbələr və professorlar bəzi tələblərin yerinə yetirilmədiyi və ya tam təmin edilmədiyi qənaətindədirlərsə, mövcud vəziyyətdən çıxmaq üçün əhəmiyyət kəsb edə biləcək bütün digər məsələlər kimi, bununla bağlı da dialoq zəruridir”, - Vuçiç vurğulayıb.
Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzadan sonra ölkədə gərginlik artıb. Son bir neçə gündür minlərlə insan həm paytaxt Belqradda, həm də ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirib. Əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki körpüləri bağlayıb, şəhər meydanına toplaşıblar.
Aleksandar Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yerinə yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib.