Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi ilə bağlı fotolayihə həyata keçirilir

16:01 6 Fevral 2025

“Gilavar Foto Klubu” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirir. Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı vahid platformanın formalaşdırılması və beynəlxalq ictimaiyyətin Azərbaycanın mədəni irsi, tarixi-mədəni abidələri ilə tanış edilməsidir.

Layihənin rəhbəri Dilavər Nəcəfovun sözlərinə görə, mədəni irsin qorunmasında və dünyada tanıdılmasında foto sənətinin rolu böyükdür. “Torpaqlarımız işğal altında olduğu dövrdə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə isə yer üzündən tamamilə silinib. Bununla belə, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Layihə çərçivəsində işğaldan azad olunan ərazilərə səfərlər ediləcək və peşəkar fotoqraflar tərəfindən burada yerləşən tarixi-mədəni abidələrin fotoları çəkiləcək. Layihə müddətində Birliyin gilavar.az veb-saytında mövzu ilə bağlı yeni bölmələrin yaradılması, yekunda isə təqdimat mərasimin keçirilməsi və fotosərginin təşkili nəzərdə tutulur”, – deyə layihə rəhbəri bildirib.

Qeyd edək ki, “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Gilavar Foto Klubu” İctimai Birliyi Nazirliyin 2024-cü ildə elan etdiyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qaliblərindən biridir.



Xəbər xətti