Niderlandın ən böyük bank qrupu olan "İNG Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.
Sitat.info ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.
Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.