"Zelenskinin təcrübəsinin azlığından Qərb istifadə etdi; Ukrayna qurbanlıq quzudur" - Tural Abbaslı ilə MÜSAHİBƏ

13:33 13 May 2022

Azərbaycanın əsas gündəmi olan Qarabağ məsələsi öz həllini tapmamış, dünya mediyasında olduğu kimi, Azərbaycanda da əsas diqqət demək olar ki, Rusiya- Ukrayna müharibəsindədir. Bir tərəfdən Azərbaycanın Ermənistanla sülh danışıqlarına başlaması məsələsinin uzanması, Qərb dövlətlərinin Nikol Paşinyanı sülh danışıqlarından çəkindirməyə çalışması müzakirəyə səbəb olur, digər tərəfdən də Rusiya-Ukrayna müharibəsinin son durumu və bu müharibənin Azərbaycana necə təsir edəcəyi məsələsi sual doğurur.

Ağ Partiya sədri Tural Abbaslı da SİTAT.İnfo- ya müsahibəsi zamanı elə bu məsələlərə toxunub.  Müsahibəni təqdim edirik.

"Fransa, Rusiya, Amerika da məsələnin uzanmasında və dondurulmuş olaraq qalmasında maraqlıdır"

-Tural bəy, Qarabağdakı son durumu və sülh danışıqları istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

- Azərbaycan çalışır ki, məsələni birdəfəlik həll etsin. Ermənistan isə məqsədlərinə nail olmaq üçün bu danışıqları uzatmaq istəyir. Fransa, Rusiya, Amerika da məsələnin uzanmasında və dondurulmuş olaraq qalmasında maraqlıdır. Bu ölkələr ona görə sülh danışıqlarında maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında konfliktin olması həmin ölkələrin iki dövlətə də nəzarət etməsinə imkan verir. Əgər bu münaqişələr həll olarsa bu zaman nəzarət də azalacaq. Ona görə də Azərbaycan bu məsələdə tək Ermənistanla deyil, Rusiya, Amerika və Fransa ilə də rəqabətdədir. Regionda bu məsələnin həllini istəyən yeganə ölkə Türkiyədir. Türkiyə hələ təzə qlobal güc olduğu üçün, tam da o güclərlə bacara bilmir. Başqa bir məsələ isə İrandır. İran da Azərbaycan və Ermənistan arasındakı sülh məsələsinin uzanmasında maraqlıdır. Azərbaycan xeyli qəliz regionda, xeyli qəliz məsələnin həllinə çalışır. Amma ordumuzun gücü ilə bu məsələnin çox hissəsini həll etmişik, sülh danışıqları isə məsələnin texniki tərəfidir. Ermənistanla sülh müqaviləsi imzalamağımız o demək deyil ki, Ermənistan Azərbaycana hücum etməyəcək, ya da ərazi bütövlüyümüzü tanıyacaq. BMT-yə üzv olanda da sözdə ərazi bütövlüyümüzü tanımışdı. Mənə görə bu protokol qaydasıdır. Ərazi bütövlüyünü , suverenliyi təmin etmək istəyirsənsə ordunu gücləndirməlisən. Rusiya-Ukrayna müharibəsi bir daha onu göstərdi ki, beynəlxalq hüquq normaları deyilən bir şey yoxdur, bir ölkənin ordusu, iqtisadi-siyasi gücü elə beynəlxalq hüquq deməkdir. Qarabağdakı vəziyyət ordumuzun güclü olmasından asılıdır. Hələlik heç bir problem yoxdur, amma, sülh danışıqları uzanarsa məsələ dəyişə bilər. 

- Qarabağda separatçılara ABŞ-dan, Rusiyadan birbaşa müdaxilə edilir, onları təxribata çağırırlar. Yaxın zamanlarda Qarabağda muxtariyyət məsələsi gündəmə gələ bilərmi? Azərbaycan hansı addımları atmalıdır?

- İstər ATƏT-in Minsk qrupu həmsədr ölkələri, istərsə də Ermənistan status mövzusunu gündəmdən salmırlar. Yalnız Azərbaycan status məsələsinin bitdiyini bildirir. Amma qarşı tərəf hər hansı bir status qopartmağa çalışır. Burada məsələ böyük Ermənistan hədəflərindən getmir, Paşinyan iqtidarının özünün xilas olması məsələsidir ki, mənim müəyyən uğurum oldu. İstənilən status Paşinyan üçün xilas ola  bilər. Ermənistana bu məsələdə Rusiya, Fransa və Amerika da dəstək verir. Azərbaycanın bu məsələdə yeganə gücü onun qələbəsidir və hazırda Ermənistandan hərbi baxımdan üstün olmasıdır. Azərbaycan görəndə ki, danışıqlar artıq dalana dirənib, həmin an ordu faktorunu ortaya qoydu ki, müharibə edirik. Onda onlar geri çəkilməyə məcbur oldular. Status məsələsini ümumiyyətlə unutmalıyıq. Ermənistanın da bu iddialarına bir dəfəlik son qoymaq üçün Zəngəzur məsələsini önə çəkməliyik. Ən gözəl müdafiə hücumdur.

- Tural bəy,  Ukrayna-Rusiya müharibəsinə gələk.  Ukrayna dövləti Qərb ölkələrinin ona göstərdiyi dəstəyi dəyərləndirə biləcəkmi?

- Qərb ölkələri Ukraynaya sadəcə silah verməklə dəstək olurlar. Ukrayna üzərindən Rusiya-Qərb savaşı davam edir. Bu məsələdə Ukrayna poliqon rolunu oynayır. Bu hər kəsə aydındır ki, burada məsələ heç də Ukraynanın azadlığından getmir. ABŞ, Böyük Britaniya, Çin, Fransanın böyük savaşı gedir və qurbanlıq quzu rolunda Ukrayna çıxış edir. Lend Liz sənədi imzalandı. Bu Ukraynaya limitsiz yardım hesab olunur. Əslində isə yardım adı altında borc verilir. Bu yardımın niyə bu qədər gec olduğu, müharibənin ikinci, üçüncü günü verilmədiyi sual doğrurur. Hələ də Rusiya qazından, neftindən imtina olunmayıb, Ukraynanı Avropa Birliyinə nəinki üzv heç namizəd kimi də qəbul etmiyiblər. Hələ də Ukraynanın NATO-ya üzvlük məsələsi müzakirə olunur. Sual yaranır ki, Ukrayna bu qədər dağıntıları, qurbanları niyə verir? Bu məsələ dünya gündəmini işğal edib.  Azərbaycan gündəmini də işğal etməsi təəssüf doğurur. Çünki bizim öz dərdlərimiz heç həll olunmayıb, məsələn Qarabağ məsələsi, daxili, sosial problemlər həllini tapmayıb. Biz bu müharibəni Rusiya qalib gələrsə nə olacaq, Qərb qalib gələrsə nə olacaq kontekstindən dəyərləndirməliyik. Amma bizdə bu müzakirə olunmur. Daha çox primitiv yanaşma var. Belə düşünülməlidir ki, Rusiya qalib gələrsə Azərbaycana təsir edəcəkmi? Qərb qalib gələrsə iqtisadi vəziyyət necə dəyişəcək? Bu hadisələrdə Qarabağ məsələsi təsir görəcəkmi? Bu məsələ ilə bağlı dərin təhlillər aparılmalıdır. Bizdə isə Zelenskinin geyindiyi paltarın qiyməti, Putin danışanda ediyi hansısa hərəkət və s. kimi texniki məsələlərdən bəhs olunur. Bu təhlillərin nəticəyə heç bir aidiyyəti yoxdur.

- Rusiya prezidenti Putinin 9 may arzuları nədən ibarət idi? İstədiyinə nail oldumu?

- Putinin 9 may çıxışına çox gözləntilər var idi. Bu çıxışla bağlı bir neçə ölkə bəyanat yaymışdı ki, çıxışda hansı məsələlərə toxunulacaq. Amma gözləntilərin əksi olaraq qeyri-adi bir mövzudan bəhs olunmadı. Yeni xətt, geriləmə və s. mövzulardan danışılmadı. Hərbi-siyasi məsələ ortaya qoyulmadı. Putinin xüsusi bəyanat verməməsi onu göstərir ki, Putin də vəziyyətin yaxşı olmadığını anlayır, vəziyyəti daha da qəlizləşdirməkdənsə, çıxış yolu axtarır. İsrail mətbuatının yaydığı məlumatda Putinin İsraildən üzr istəməsi məsələsi də bunu bir daha göstərir ki, Putin vəziyyəti daha da pisləşdirmək istəmir. Hər şeyin fərqindədir. Rusiya və Ukrayna dalana dirənib. Rusiya müharibəni dayandırmaq üçün gərək Krımı, Donbası Ukraynaya tanıtsın, Ukrayna isə şərt qoyur ki, müharibəni dayandırmaq üçün Krımdan və Donbasdan çıx. Rusiya Krımı subyektlərindən biri elan edib. Tərəflərdən hansısa biri geri çəkilməsə məsələnin necə həll olunacağını mən belə təxmin edə bilmirəm. Təsadüfi deyil ki, Fransa xarici işlər naziri bəyanat verdi ki, Ukrayna-Rusiya müharibəsi illərlə davam edə bilər. Bir sözlə vəziyyət xeyli qəlizdir.

"NATO-nun genişlənməsi, Rusiyanın ətrafını mühasirəyə alması sirr deyil"

- Putin çıxışı zamanı NATO-nun Rusiya ərazilərini işğal etmək istədiyini bildirib. Həqiqətən bu təhdid var idi, yoxsa bu da Putinin növbəti çaşdırıcı həmləsidir?

- NATO ilk yarandığı vaxt SSRİ əleyhinə yaranıb. Nəzərə alsaq ki, SSRİ-nin varisi Rusiyadır, onda NATO Rusiya əleyhinə deyil fikrini söyləmək sadəlövhlük olar. Amma NATO-nun bu dəqiqə Rusiyaya hücum etməsi fikri də düzgün deyil. Çünki, Ukrayna-Rusiya müharibəsinin 72, 73-cü günündə belə ABŞ, Böyük Britaniya, Fransa Rusiya ilə birbaşa qarşıdurmaya girmirsə NATO necə hücum edəcək? NATO-nun genişlənməsi, Rusiyanın ətrafını mühasirəyə alması sirr deyil. Məsələn, Berlin divarı dağılanda şərtlərdən biri bu idi ki, NATO şərqə doğru genişlənməyəcək. Yəni, hər dövlətin təhlükəsizlik konsepsiyası var. Rusiyanın təhlükəsizlik konsepsiyası o idi ki, qonşu ölkələrdən heç biri NATO-ya üzv olmasın. NATO artıq o qırmızı xətləri keçmişdi. Rusiya da buna qarşı mübarizə aparırdı. Görünən odur ki, Rusiya siyasi səhnədə məğlubiyyətə uğradı, siyasi aspektdən NATO-nun genişlənməsinin qarşısını ala bilmədi. Artıq ən son variant kimi müharibəni seçdi. Məqsəd NATO-nun onun sərhədlərinə birləşməsinin qarşısını almaqdır.

- Tural bəy, Rusiya nüfuzunu və gücünü itirdikcə, Azərbaycan üçün təhlükə aradan qalxırmı?

- Rusiya elə bir ölkədir ki, nəinki Azərbaycana, hətta bütün dünya üçün təhlükədir. Əsasən də qonşu ölkələrə. Tarix boyu Azərbaycan üçün Rusiya təhlükəsi olub. İstər xanlıqlar dövrü, istərsə də AXC-nin süqutu hamısı Rusiyanın adı ilə bağlıdır. Bizi bu təhlükədən sığortalayan Türkiyənin güclənməsi, hərbi-iqtisadi baxımdan qlobal gücə çevrilməsidir və bununla da biz onun himayəsində olan ölkə statusuna keçirik. Buna görə də mən düşünmürəm ki, Azərbaycan üçün Rusiya təhlükəsi var. Amma Rusiyanın gücü onun ərazisinin böyüklüyü, təbii ehtiyatları, silahı, ordusunun böyüklüyündədir. Hansı ki, Rusiya ordusu dünyanın ikinci, üçüncü ordularından biri sayılır. Azərbaycan kimi ölkələrə təsir edəcək iqtisadi gücə malikdir, amma, dünyanın bütün ölkələrinə təsir edəcək iqtisadi gücü yoxdur.

“Ukrayna torpaq itirir, Rusiya zəifləyir, qazanan isə Qərb və Amerikadır”

 

-  Sizcə Putin müharibəni dayandırmaq üçün həqiqətən də gizli kanallarla, səssiz şəkildə danışıqlar aparmağa çalışırmı?

Fikrimcə həm Rusiya, həm də Ukrayna gizli kanallarla danışıqlılara cəhd edir. Böyük dövlətlərin hamısında qapalı kanallar olur ki, kritik məqamlarda onlar işə düşür. Burada məsələni qəlizləşdirən odur ki, bu kanalların işə düşməsində maraqlı olmayan ölkələr var. Məsələn ABŞ, Böyük Britaniya, Fransa Rusiya ilə Ukraynanın öz aralarında razılığa gəlməsində maraqlı deyil. Ukrayna silah verilməməsindən qorxduğu üçün bunu açıq şəkildə bəyan edə bilmir. Aydın göründü ki, İstanbuldakı danışıqlar uğurla nəticələndi. Məsələn, rusların Kiyev ətrafından çəkilməsi, digər regionlardan çıxması. Bununla bağlı Azərbaycan mətbuatında Ukraynanın hansısa ərazini azad etməsi ilə bağlı xəbərlər yayılırdı. Bu azad etmək deyildi, ruslar geri çəkilirdi. Danışıqlar gedə-gedə Boris Conson bəyanat verir ki, Ukraynaya daha ucuz silahlar verilsin və s. Bu onu göstərir ki, həmin ölkələr bu barışığı istəmir. Digər bir ehtimal isə Zelenskinin müstəqil qərar verə bilməməsidir. Lavrov dəfələrlə qeyd edib ki, biz Ukrayna ilə razılaşmışıq, amma Ukraynaya razılıq verilməyib ki, bu razılaşma təsdiqlənsin. Zelenskinin komandasındakı insanların ona nə qədər sadiq olub-olmaması məsələsi də var. Buna görə də, Rusiya-Ukrayna müharibəsi artıq Ukraynadan çıxıb. Ukrayna burada qərarverici tərəf deyil. Mövzu Rusiya ilə Qərb arasındadır. Zelenski haqqında Boris Conson qeyd edir ki, “Biz əminik ki, Zelenski ölənə qədər vuruşacaq”. Bu fikir sual doğrurur ki, bu nəyin elanıdır? Güman edək ki, Ukrayna bu savaşdan parçalanmamış çıxar. Çünki Ukraynanın ikiyə (şərqi və qərbi Ukrayna) bölünməsi planı da müzakirə olunur. Şərqi Ukrayna Rusiyanın nəzarətində olacaq, Qərbdə də heç bir NATO qoşunları olmayacaq və s. Krım 2014-cü ildən işğal olunub, bütün dünya Krımı Ukrayna ərazisi kimi tanıyın. Amma Krım Rusiyadadır. Donbasın ərazisi Azərbaycandan da böyükdür. Yəni Rusiya bu boyda ərazini qoparmaq planın təməlini qoyub. Xersonda Xalq Cümhuriyyəti elan ediblər. Dolayısı ilə bu müharibədə Ukrayna torpaq itirir, Rusiya zəifləyir, qazanan isə Qərb və Amerikadır.

-  Putin Donbasda ələ keçirdiyi əraziləri qaytarmazsa, sanksiyalar davam edəcəkmi?

- Rusiyanın başına gələ biləcək bütün sanksiyalar gətirilib. Rusiyanı artıq qorxudub təhdid etmək üçün alət qalmayıb. Avropada rus vətəndaşlarına kafe və restoranlar xidmət etmir. Bunun özü də faşizmin əlamətidir. Putinin reytinqi 80 faizdir. Bu sanksiyalar ölkəni yoxsullaşdırmalıydı və əhali etiraza qalxmalı, Putin hakimiyyətindən imtina etməliydi. Amma müharibə başlayandan sonra Putinin reytinqi 80 faizə qalxdı.  İnsanlar ac olmağa razıdılarsa, Putini heç nə narahat etməyəcək. Şimali Koreya, İran illərdir sanksiyalarla yaşayırlar. Şimali Koreyə yenə nüvə başlıqlı silahı sınaqdan keçirəcək. Sanksiyaların da bəlli bir yerə qədər təsiri var. İran sanksiyalara məruz qalır, silahları sınaqdan keçirir, nüvə silahları əldə etməkdən ötrü işlər görür, regionu da təhdiddə saxlayır. Bu sanksiyalar bir müddət sonra Rusiyada da əhəmiyyətsiz olacaq. Rusiya öz təyyarəsini belə istehsal etməyə başlayır.

-  Sizcə müharibədə Zelenskinin güzəştə getməsi mümkündürmü?

Zelenskinin PR-nı Qərb təşkil edir. İstər-istəməz Zelenski onlarla hesablaşmalıdır. Ermənistan Rusiya ilə hesablaşması kimi, Ukrayna da Qərblə məcbur hesablaşmalıdır. Zelenskinin siyasi təcrübəsi yoxdur. Bəzi məsələlər var ki, kitabda oxuyub , Youtube-də videolara baxaraq öyrənmək mümkün deyil. Siyasətçi rolu oynamaqla siyasətçi olmur. Siyasətçi ölkə, ordu, dövlət, əhali, müharibə, ultimatum və s. məsələlərin nə olduğunu bilməlidir. Zelenskinin təcrübəsi azdır və bundan Qərb istifadə etdi. Çox az siyasi biliklərə malik olan heç bir Ukrayna prezidenti müharibəyə girməzdi. Zelenskiyə qədər hakimiyyətdə olan heç bir prezident Ukraynanı itirməmək üçün Rusiya ilə müharibəyə girmədi. Zelenski gah Türkiyəni dost bilir, gah da Yunanıstandan rus turistləri niyə qəbul etdiyini soruşur. Təcrübəsiz biri gəldi, prezident oldu və birdən-birə müharibə, konflikt yaşandı. O heç özü də bilmir ki, nə edir. Zelenskinin nə edəcəyini demək mümkün deyil. Amma Zelenski hər dəfə deyir ki, biz atəşkəsin tərəfdarıyq. Müharibə varsa siyasətçinin birinci marağı itkilərin azalıb, müharibələrin bitməsidir.  Ukraynanın yenidən tikilməsi neçə milyonlara başa gələcək. Düzdür Qərb, Amerika dəstək verəcək. Amma heç bir dəstək qarşılıqsız olmur.

Safura Bənnayeva

FOTOLAR- Səid İsaoğlu

 



Xəbər xətti