Oruc tutanlar üçün sübh yeməyi: Gün boyu tox qalmaq üçün nə yeməli?

23:12 10 Mart 2025

Ramazan ayında düzgün qidalanma vacibdir. Ramazan ayı başladıqda oruc tutanların qarşısında duran əsas məsələlərdən biri gün boyu aclıq və susuzluq hissini minimuma endirməkdir. Xüsusilə uzun saatlar ac qalmaq bədənin enerji səviyyəsini aşağı sala və halsızlıq yarada bilər. Bu səbəbdən, obaşdan süfrəsində düzgün qidalar seçmək və səhv vərdişlərdən uzaq durmaq orucun daha rahat keçməsinə kömək edir.

O başdan yeməyi gün ərzində tox qalmaq və enerjili olmaq üçün vacibdir. Yanlış qida seçimləri həzm sistemini yoraraq, tez acmağa və susuzluq hissinin artmasına səbəb ola bilər. Buna görə də, bu yeməkdə protein, kompleks karbohidratlar və liflə zəngin məhsullara üstünlük verilməlidir.

Oruc tutanlar obaşdanda nə yeməlidirlər?

Zülalla zəngin qidalar

Zülal tərkibli qidalar mədənin gec boşalmasına kömək etdiyi üçün uzun müddət toxluq hissi yaradır. Həmçinin, protein əzələ kütləsinin qorunmasına və enerji səviyyəsinin stabil qalmasına kömək edir. Bu baxımdan, obaşdan süfrəsində yumurta, pendir, qatıq, toyuq əti, balıq və paxlalılar (noxud, mərci, lobya) mütləq olmalıdır.

Kompleks karbohidratlar

Ağ çörək və şəkərli məhsullar sürətlə həzm olunduğu üçün qanda şəkər səviyyəsini tez yüksəldir, lakin qısa müddət sonra enerjinin düşməsinə səbəb olur. Bu, gün ərzində daha tez acmağa və yorğunluğa gətirib çıxara bilər. Bu problemin qarşısını almaq üçün kompleks karbohidratlara – yulaf, kəpəkli çörək, bulqur, qəhvəyi düyü və tam taxıllı məhsullara üstünlük vermək lazımdır.

Liflə zəngin qidalar

Lif mədənin boşalma sürətini yavaşladır və həzm sisteminin sağlam işləməsinə kömək edir. Bu səbəbdən, gün ərzində toxluq hissini qorumaq üçün obaşdanda lif baxımından zəngin qidalar qəbul edilməlidir. Xurma, çia toxumu, kətan toxumu, fındıq, badam, qoz, avokado və tərəvəzlər liflə zəngin olduqları üçün süfrəyə daxil edilə bilər.

Maye qəbulu da vacibdir

Oruc zamanı susuzluq hissi aclıqdan daha çətin olduğu üçün obaşdan süfrəsində kifayət qədər maye qəbul etmək önəmlidir. Səhər yeməyindən sonra 2-3 stəkan su içmək bədənin gün ərzində susuz qalmamasına kömək edə bilər. Bundan əlavə, ayran, təbii meyvə şirələri və bitki çayları da orqanizmi nəmləndirmək üçün faydalıdır. Ancaq qazlı və şəkərli içkilərdən uzaq durmaq məsləhətdir, çünki bu cür içkilər bədəni daha çox susuzlaşdırır.

Hansı qidalardan uzaq durmaq lazımdır?

Şəkərli və ağ unlu məhsullar

Şəkər və ağ unlu məhsullar (ağ çörək, şirniyyatlar, desertlər) qanda şəkər səviyyəsini tez yüksəldib sonra sürətlə aşağı saldığı üçün aclıq hissini artırır. Bu səbəbdən, bu cür qidalardan uzaq durmaq daha məqsədəuyğundur.

Qızardılmış və yağlı yeməklər

Yağlı və qızardılmış qidalar həzm prosesini çətinləşdirir və mədə narahatlığı yarada bilər. Bundan əlavə, bu cür yeməklər gün ərzində həddindən artıq susuzluğa səbəb ola bilər.

Duzlu qidalar

Çox duzlu qidalar – turşular, hisə verilmiş məhsullar və konservləşdirilmiş qidalar bədəndə su itkisini artırır və gün ərzində daha çox susuzluğa səbəb olur.

Çoxlu çay və qəhvə

Səhərlər çoxlu çay və qəhvə içmək sidikqovucu təsir göstərərək bədəndə maye itkisini artırır. Bu da gün ərzində susuzluğu artıran əsas səbəblərdən biridir. Əgər çay və qəhvədən tamamilə imtina mümkün deyilsə, onları minimuma endirmək və bitki çaylarına üstünlük vermək daha faydalıdır./Yenisabah.az



Xəbər xətti