Rusiya Ukrayna ilə mümkün atəşkəs və münaqişənin nizamlanması prinsiplərini ehtiva edən gələcək sülh memorandumu üzərində işləməyə hazırdır.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.
Putin deyib ki, telefon danışığı iki saatdan çox davam edib və Tramp atəşkəs məsələsində öz mövqeyini aydın şəkildə ifadə edib.
Rusiya liderinin sözlərinə görə, Ukrayna ilə atəşkəs yalnız tərəflər arasında müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün ola bilər.
“Mümkün memorandumda atəşkəs məsələləri və münaqişənin nizamlanması prinsipləri yer ala bilər. Rusiya və Ukrayna hər iki tərəfi qane edəcək kompromislər tapmalıdır”, – deyə o vurğulayıb.
Putin, həmçinin, İstanbulda təmasların bərpasını müsbət qiymətləndirərək bildirib ki, bu, tərəflərin doğru yolda olduğunu göstərir.
Rusiya lideri Trampla söhbəti “konstruktiv və faydalı” adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov və dövlət başçısının köməkçisi Yuri Uşakovun danışığın detalları barədə əlavə məlumat verəcəyi gözlənilir.