“Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı işçi qrupun yaradılması ilə bağlı əldə olunmuş razılaşmanın icrasının Ermənistan tərəfindən yubadılması qarşı tərəfin aydın və konkret yanaşmasının olmadığını bir daha nümayiş etdirir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Prezident İlham Əliyevin Azərbaycan tərəfdən işçi qrupunun nəzərdə tutulduğu vaxtda yaradılması barədə fikirlərini xatırladan deputat hesab edir ki, Ermənistanın qeyri-müəyyən mövqeyi ümumilikdə regionda davamlı sülhün yaradılması və əməkdaşlıq mühitinin formalaşdırılması prosesini ləngidir.
Soltan Məmmədov vurğulayıb ki, dünyada və regionda baş verən hadisələr Cənubi Qafqaz ölkələri arasında etibarlı qarşılıqlı münasibətlərin bərqərar edilməsini zərurətə çevirib. Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti regionda davamlı sülhün və sabitliyin yaradılması baxımından itirilmiş dövrdür:
“Dünya sürətlə dəyişir. Böyük güclər arasında ziddiyyətlər, anlaşılmazlıqlar, maraqlar toqquşması daha kəskin xarakter alır. Məhz bu kontekstdə baxsaq, indi bizim bölgəmizdə sülhün, əməkdaşlıq mühitinin mövcudluğu daha böyük əhəmiyyətə malikdir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan işğala son qoyub, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. İndi isə kommunikasiyaların açılmasına ehtiyac var, iki ölkə arasında münasibətlərin qurulmasına, eləcə də regionda sülhə maneə kimi qiymətləndirilən problemlər həll edilməlidir. Ermənistanın məsələni uzatmaq, qeyri-müəyyən bir dövr üçün təxirə salmaq təşəbbüsləri isə hər kəsdən daha çox bu ölkənin özünə ziyan vurur”.
Milli Məclisin deputatı hesab edir ki, Ermənistan hökumətinin aydın, başa düşülən və proqnozlaşdırıla bilən xarici siyasət strategiyası yoxdur. Bir qrup indiki şərtlərdə Azərbaycanla danışıqlarda Ermənistanın daha zəif mövqedə olduğu düşüncəsi ilə ikitərəfli danışıqlarıın müddətini uzatmağa çağırır. Digər bir qrup isə sülhün və əməkdaşlığın qaçılmaz olduğunu və mümkün qədər qısa vaxtda mövcud problemlərin həll edilməsinin vacibliyini bildirir:
“Ermənistan hökuməti isə bu iki fərqli yanaşmanın hansının ölkə üçün daha faydalı olduğunu müəyyən etməkdə çətinlik çəkir. Ermənistanın ATƏT-in Minsk Qrupunun fəaliyyətini və proseslərə təsirini bərpa etmək cəhdlərini görürük. Eyni zamanda, Avropa İttifaqının, Rusiyanın vasitəçiliyini dəstəklədiyini də müşahidə edirik. Fakt bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun effektivliyi çox ciddi şübhə altındadır və buna əsas verən 30 illik təcrübə var. Ona görə də düşünürəm ki, Ermənistan hökuməti konkret və ardıcıl mövqe nümayiş etdirməli, sülhə həqiqətən hazır olduğunu göstərməlidir”.