Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə “brutto müqavilə” adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.
Fərmana əsasən, dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduyaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin sözlərinə görə, hazırkı biznes modeli daşıyıcıların maliyyə imkanlarını məhdudlaşdırır və avtobus parkını yeniləməyə imkan vermir.
Onun sözlərinə görə, yeni yanaşma ilə gediş haqqı birbaşa daşıyıcılara deyil, mərkəzləşdirilmiş hesaba yönləndiriləcək: “Daşıyıcıya xidmətin dəyəri hesablanacaq, sərnişinlərin ödədiyi vəsait həmin xərci qarşılamasa, fərq dövlət subsidiyası ilə ödəniləcək. Bu, avtobus parkının yenilənməsinə və qrafiklərin ciddi şəkildə qorunmasına imkan verəcək”.