Qayınatasını öldürüb maşınla üstündən keçmişdi- 20 il həbs verildi

14:45 14 Oktyabr 2025

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o, yoldaşının cehizlərini özü maşına yığaraq qayınatasıgilin evinə aparıb. Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edərək atası evinə gedibmiş.

O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də, övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı evi tərk edib. E.Şeydayev isə bu məsələdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qayınanası Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.

 



Xəbər xətti