Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.
Sitat.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Eyni zamanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 4,8 faiz artıb.