Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ nümayəndə heyəti arasında keçirilən danışıqlar mürəkkəb olub.
Sitat.info xəbər verir ki, bu barədə “Bild” yazır.
Almaniya nəşrinin məlumatına görə, tərəflər Avropada “Vladimir Putinin arzular siyahısı” adlandırılan ABŞ-nin sülh planını müzakirə ediblər.
Qeyd olunur ki, Ukrayna NATO-ya üzvlükdən imtinadan tutmuş ölkədə mümkün qədər tez prezident seçkilərinin keçirilməsinə qədər ağrılı güzəştləri müzakirə etməyə hazırdır, amma Volodimir Zelenskinin keçməyə hazır olmadığı bir limit var.
Nəşr bildirir ki, əsas mübahisə ərazi güzəşti ilə bağlıdır. Planın bəndlərindən birində Krım, Luqansk və Donetsk vilayətlərinin “de-fakto Rusiya ərazisi kimi tanınacağı”, Xerson və Zaporojye vilayətlərindəki cəbhə xətlərinin isə dondurulacağı deyilir.
“Bild”in məlumatına görə, Ukrayna cəbhənin müvəqqəti dondurulması və Rusiyanın işğal etdiyi ərazilər üzərindəki nəzarəti ilə razılaşmağa hazırdır, amma Ukrayna Silahlı Qüvvələrinin Donbasın bütün ərazisindən çıxarılması tələbini qəti şəkildə rədd edir.