ADSEA-nın sədri Masallı rayonunda vətəndaşlarla görüşdü - FOTOLAR

20:58 25 Dekabr 2025

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dekabrın 25-də Masallı rayonunda yerləşən Viləşçay su anbarının inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

Sitat.info xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra Azərbaycan  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.  Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

     



Xəbər xətti