Çin hakimiyyəti ölkənin şimal-qərbində yerləşən, uzunluğu 22 kilometri keçən “Tyanşan Şenli” avtomobil tunelini rəsmi olaraq istismara açıb.
Sitat.info xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.
Çin tərəfinin bildirdiyinə görə, “Tyanşan Şenli” hazırda dünyanın ən uzun sürətli avtomobil tunelidir. Tunel Sincan-Uyğur Muxtar Rayonunda yerləşir və dağlıq ərazilərdən keçidi xeyli asanlaşdıraraq yol müddətini bir neçə saatdan cəmi 20 dəqiqəyə endirir.
Tunel eyni gündə istifadəyə verilən G0711 Urumçi–Yuli sürətli avtomagistralının üzərində yerləşir. Ümumi uzunluğu 324 kilometri aşan bu magistral Sincanın şimal və cənubundakı şəhər aqqlomerasiyalarını birləşdirən mühüm nəqliyyat arteriyasıdır. Layihənin tikintisi beş il davam edib, investisiya həcmi isə 46,7 milyard yuan (Çin Mərkəzi Bankının cari məzənnəsinə görə təxminən 6,63 milyard dollar) təşkil edib.
Məlumata görə, tunelin maksimal dərinliyi 1,1 kilometrə çatır. O, seysmik fəallığın yüksək olduğu və ekstremal hava şəraitinin müşahidə edildiyi bölgədə 16 tektonik qırılma zonasını kəsib keçir.