“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri iddialara cavab verdi
İyunun 8-də hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan test üsulu və kompüter vasitəsilə həyata keçiriləcək. Mövcud qanunvericiliyə görə, hakim vəzifəsinə imtahan bir neçə mərhələdən ibarətdir. Bəzi ekspertlər isə hesab edir ki, imtahanın müsahibə, yəni şifahi mərhələsində müəyyən əngəllər yaradılır və müstəqil namizədlər problemlərlə üzləşir.
Azərbaycanda hazırda müstəqil hüquqşünasların hakim olmaq imkanı varmı? Bu vaxta qədər bu prosesdə hansısa neqativ hallar yaşanıbmı? Ümumiyyətlə, Azərbaycanda bu proses beynəlxalq standartlara nə dərəcədə cavab verir?
Qeyd edək ki, zaman-zaman Azərbaycanda Dövlət Qulluğuna keçirilən imtahanlarla bağlı narazılıqlar səngimir. İmtahanlarda iştirak edən namizədlər qeyd edirlər ki, Dövlət İmtahan Mərkəzinin test üsulu ilə keçirdiyi imtahandan keçsələr də, müsahibə mərhələsindən keçə bilmirlər. Bu səbəbdən də əksər vətəndaşlar bu imtahanlarda iştirak etməkdən imtina edirlər.
Məhkəmə-Hüquq Şurasından “Yeni Müsavat”a verilən məlumata görə, hakim vəzifəsinə namizədlərin seçimi tam şəffaf proseduralar əsasında və müasir beynəlxalq tələblər səviyyəsində keçirilir. Qurumdan qeyd olunub ki, ölkə Prezidentinin tapşırıqları əsasında hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox namizədlə müsahibələr keçirilib. 44 nəfər dövlət başçısının sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib.
Şuradan bildirilib ki, imtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və jurnalistlər izləyir. Vurğulanıb ki, hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılır. “İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 81 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılır. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilir”.
Hüquqşünas Ələsgər Məmmədli isə mediaya açıqlamasında bildirib ki, hakimlərin qəbulu ilə bağlı imtahanın keçirilməsi bu və ya digər formada hər yerdə var: “Amma burada söhbət tək test üsulu ilə imtahandan getmir, bizdə həm də müsahibə mərhələsi var. Həmin mərhələdə bizdə daha çox qeyri-peşəkar, daha çox siyasi ələmə vasitəsi istifadə olunur”.
“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Artıq neçə illərdir ki, Azərbaycanda hakim seçkiləri test üsulu ilə həyata keçirilir. İllərdir ki, bu prosesi qeyri-hökumət təşkilatları müşahidə edir və mən də burada hər hansı problem görməmişəm. Bu proses çox şəffaf keçir. Nə sosial şəbəkələrdə, nə də mediada bununla bağlı narazılıq müşahidə etmişəm. Bu prosesin özündə qeyri-rəsmi sövdələşmələr üçün hər hansı imkan yoxdur. Bunu təkcə mən yox, beynəlxalq müşahidəçilər də deyir. Çünki bu bizim gözümüzün qabağında baş verir, nəticələr imtahan başa çatandan sonra bəlli olur. İmtahanın ikinci mərhələsi yazılı formada keçirilir. Burada da bir-birindən köçürmələr, istifadə etmələr kimi faktlar mümkün deyil, ciddi şəkildə nəzarət olunur. Birinci və ikinci mərhələdən uğurla keçən şəxslər isə üçüncü mərhələyə buraxılır, bu şifahi mərhələdir. Üçüncü mərhələ bir neçə gün davam edir. Üçüncü mərhələni də müşahidə etmək üçün yenə də vətəndaş cəmiyyətinin nümayəndələri, komissiya üzvləri var, onlar nəzarət edir. Onu da qeyd edim ki, bütün mövzular əvvəlcədən açıqlanır, yaddaş kitabçası namizədlərin hər birinə göndərilir. Onlar bilirlər ki, hansı mövzularda suallar düşəcək. Bu bütün mərhələlərə aiddir, həmin mövzular Məhkəmə Hüquq Şurasının saytında da yerləşdirilir”.
Ə.Nuriyev əlavə edib ki, səsləndirilən narazılıqların hər hansı əsası yoxdur: “Hakim vəzifəsinə keçirilən imtahanlarda dəfələrlə iştirak etmiş biri kimi deyə bilərəm ki, hər hansı narazılıq, problem görməmişəm. İmtahanın şifahi olan mərhələsi ilə bağlı narazı olan istənilən şəxsin şikayət etmək haqqı var. Ekspertlər yenidən onların işinə baxıb, suallara cavab verə bilərlər. Amma belə şikayətlərin də edildiyini görməmişik. Bu üç mərhələni keçəndən sonra namizədlər təlimlərə qoşulur və yenidən həmin təlimlərə uyğun olaraq daxili imtahanlar verirlər. Bu təlimlərə peşəkar hakimlər, eləcə də Avropa Məhkəməsinin peşəkar hakimləri cəlb edilir, orada təlimlər keçirlər. Bundan sonra o şəxslər hakim kimi təyin edilirlər. Təlimlərdən sonra yalnız bir nəfərin keçməməsi halı müşahidə olunub. Korrupsiya sövdələşmələrinin qarşısını almaq üçün real imkanlar var. Hakim seçkiləri ilə bağlı ara-sıra tənqidlər olub, iradlar olub, amma qeyri-rəsmi sövdələşmələrin olması barədə faktlar eşitməmişəm. Ümumiyyətlə, imtahan prosesinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlər dayanmamalıdır. Şifahi mərhələ ilə bağlı prosesdə videoçəkilişin aparılması yaxşı olardı. Əgər şəxs nəticələrdən narazıdırsa, bu çəkilişin nəticəsinə baxıla bilər, apelyasiya şikayəti verilə bilər. Eyni zamanda həmin komissiyanın tərkibinə üzv kimi vətəndaş cəmiyyətinin də cəlb edilməsi proseslərdə şəffaflığı, hesabatlılığı daha da dərinləşdirə bilər”.
/Musavat