"Bu gün nəinki şəhərin mərkəzində və mərkəzə yaxın yerlərdə bir çox hallarda tikinti normativlərinə riayət olunmur. Məhz bu baxımdan Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi və bir çox rayon icra qurumları bu istiqamətdə müəyyən preventiv tədbirlər görmək məqsədilə addımlar atırlar və son normativlərin ciddiləşdirilməsi və mürəkkəbləşdirilməsi də eyni zamanda bu prosesin qarşısını almaq məqsədi daşıyır"
Bu sözləri "Sitat.info"ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının rezidenti Vüqar Oruc deyib.
O bildirib ki, tikinti normalarına nəinki riayət olunmur, yüksək gərginlikli elektrik xətlərinin yerləşdiyi torpaqlar belə satılır:
"Bu yaxınlarda bir foto da var idi ki, Xırdalanda yüksək gərginlikli elektrik xəttinin birbaşa altında və xəttin qurğusunun özünün yerləşdiyi torpaq sahəni belə satırdılar. Yəni çox qəribə bir şeydir ki, yəqin ki, həmin torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədi yoxdu. Amma yenə də bu maraqlı fakt idi. Belə hallar çox olur. Bunların qarşısını almaq üçün müvafiq qurumlar addımlar atmalıdır və mən düşünürəm ki, nəhayət, rəsmi olaraq 120000, amma qeyri rəsmi, 300 mindən çox ölkə vətəndaşını sektor olaraq özündə birləşdirən tikinti sektoruna ümumi nəzarəti hər hansı bir digər qurum yox, tikinti ilə bağlı şəhərsalma ilə bağlı yarana biləcək ehtimal olunan və yaranması vacib olan bir struktur nəzarəti təmin etməlidir.
Bu cür mənzərə son dövrlər, xüsusilə də fərdi yaşayış evlərində özünü göstərir. Müəyyən sərbəstlik verilmişdir ki, konstitusion hüquqlar yerinə yetirilsin.Hər bir vətəndaş əgər layihələndirdiyi ev 12 metrdən çox deyilsə, bu barədə müvafiq icra qurumu məlumatlandırırdı və bundan sonra əgər 15 gün müddətində hər hansı bir etiraz yaranmırdısa, etiraz bildirmirdisə tikinti işlərinə başlamaq hüququ əldə edirdi. Bu azadlıqdan və sərbəstlikdən kifayət qədər sui istifadə etmə halları mövcuddur. Buna məmurlar şərait yaradır".
V.Oruc bildirdi ki, dövlət qurumları ictimai qurumlarla birlikdə nəzarəti təmin etməlidirlər: " Tikintiyə nəzarət edən müvafiq qurum mövcuddur. Düzdür, həmin qurum daha çox tikintinin təhlükəsizliyinə nəzarət edir. Amma eyni zamanda, düşünürəm ki, dövlət qurumları həm də ictimai qurumlarla birlikdə ictimai nəzarəti təmin etmək şərtilə, tikinti şirkətlərinin şəhərsalma prinsiplərinə və şəhərin ümumi planına uyğun şəkildə fəaliyyət göstərməsi üçün ümumi nəzarəti təşkil etməlidirlər və monitorinqlər keçirilməlidir ki, qeyd etdiyiniz hallar aradan qaldırılsın. Ya da ki, müəyyən preventiv tədbirlər görməklə qarşısı alınsın. Çünki, hər hansı bir tikili inşa etmək üçün mütləq tikinti normalarına riayət etmək tələb olunur. Həm tikinti aparılan ərazidə yaxın bina ilə məsafə, həm tikintinin aparıldığı ərazinin tədqiqatı və eyni zamanda süxurların tərkibinin öyrənilməsi, eyni zamanda, tikintini həyata keçiriləcək komandanın peşəkar səviyyəsinin araşdırılması, yəni müvafiq sertifikatların və icazələrin lisenziyaların olub-olmamasının müəyyən olunması məsələsindən söhbət gedir.
Fövqəladə Hallar Nazirliyi və yaxud da şəhərsalma komitəsi və yaxud da ki, rayonların icra hakimiyyəti, bunların səlahiyyətləri o qədər toqquşur ki, bu toqquşmadan istifadə edən ya məmuriyyət tikinti şirkəti istədiyi formada normativlərə uyğun olmayan tikintiləri inşa edə bilər. Amma konkret bir struktur olsa ki, o tikintiyə nəzarət etsin, onun üzərində olsun. Sabah hər hansı bir problem olduqda, həm vətəndaşlar, həm müvafiq hüquq mühafizə orqanları da həmin qurumun yaxasından yapışa bilərlər ki, bax, bu normativlərə uyğun deyil, burada qanun pozuntusu var və sair. Düşünürəm ki, həm institusional qaydada tədbirlərin görülməsi vaxtı gəlib çatıb, həm ictimai nəzarətin ictimai təşkilatlar tərəfindən həyata keçirilməsi vaxtı yetişib. Yəni bu prosesdə müvafiq dövlət qurumlarının bərabər yaxından iştirak edə bilər və bu barədə üçüncü bir amil də institusional dəyişikliklərin müvafiq strukturun yaranması, ictimai nəzarətin təmin olunması və eyni zamanda da tikinti şirkətlərinin öz işinə daha məsuliyyətli yanaşması tələb olunur. Belə olan halda indiki neqativ hal baş verməyəcəyi və təkrarlanacağı barədə fikir yürütmək olar".
Nigar,
Sitat.info