Faizlər yüksək, risklər böyük: Banklar niyə biznesi yox, istehlak kreditlərini seçir?

14:40 29 Aprel 2026

Niyə banklar biznes kreditləri əvəzinə istehlak kreditlərinə daha çox üstünlük verirlər? Axı bu proses yüksək kredit faizləri fonunda əhalinin sürətlə borclanmasına gətirib çıxarır... Bu durum son illər maliyyə bazarında ən çox müzakirə olunan məsələlərdən biridir. Kredit siyasətində baş verən dəyişikliklər təkcə bankların deyil, ümumi iqtisadi mühitin də göstəricisi kimi çıxış edir. Ekspertlər hesab edir ki, tendensiyanın arxasında həm risk amilləri, həm də struktur problemlər dayanır.

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu məsələdə çox ciddi iqtisadi faktorlar rol oynayır: "Əvvəla, ölkədə müstəqil və ödəniş qabiliyyəti yüksək olan biznes subyektlərinin sayı getdikcə azalır. Bazarda həm təmərküzləşmə, həm də inhisarlaşma prosesi gedir. Yəni ya kiçik və orta sahibkarların maliyyə dayanıqlığı zəifləyir və banklar onlara kredit verməkdə risk görür, ya da bazarda böyük, inhisarlaşmış şirkətlər qalır ki, onların da əksəriyyətinin öz daxili maliyyə və bank strukturları mövcuddur. Bu isə banklar üçün əlavə risk yaradır: iri bizneslərin kreditləri qaytarmama ehtimalı olsa, bank üçün həm hüquqi, həm də maliyyə baxımından daha ağır nəticələr doğura bilər.

Bu səbəbdən banklar daha “asan və idarəolunan” yol seçir: istehlak kreditləri. Burada qarşı tərəf adi vətəndaşdır — işləyən, maaş alan və ya pensiya alan şəxs. Banklar üçün bu kreditlər daha sürətli verilir, daha geniş kütləyə yayılır və əsasən daha yüksək faizlə təqdim olunur. Amma problem ondadır ki, bu vətəndaşların çoxunun maliyyə savadı, hüquqi dəstəyi və müdafiə imkanları məhduddur. Nəticədə borc yükü artdıqda, onlar daha zəif mövqedə qalır və kreditlərin problemli borca çevrilməsi riski yüksəlir".

Ə.Həsənov hesab edir ki, biznes kreditləri daha böyük məbləğləri əhatə edir və risk daha böyükdür, hətta sahibkar bankın öz pulu ilə vəkil tutub banka qalib gələ bilər: "Məsələn, istehlak krediti adətən minlərlə manat səviyyəsində olduğu halda, biznes kreditləri on minlər və yüz minlərlə, hətta milyonlarla ölçülür. Sahibkar bu vəsaitin bir hissəsini müxtəlif hüquqi müdafiəyə, məhkəmə proseslərinə yönəldə bilər və bu da bank üçün əlavə risk və xərclər deməkdir. Buna görə banklar daha çox kiçik məbləğli, lakin çoxsaylı istehlak kreditlərinə üstünlük verirlər.

Bununla belə, dövlət və Mərkəzi Bank səviyyəsində biznes kreditlərinin artırılması üçün müəyyən təşviqlər mövcuddur. Məsələn, prudensial tələblər vasitəsilə biznes kreditləri banklar üçün daha “yüngül” şərtlərlə verilir, istehlak kreditləri isə daha sərt ehtiyat normaları ilə tənzimlənir. Amma buna baxmayaraq, bankların real davranışı hələ də istehlak kreditlərinə meyilli qalır. 

Bu tendensiya isə iqtisadi baxımdan müəyyən risklər yaradır. Çünki istehlak kreditlərinin üstünlük təşkil etməsi biznes sektorunun inkişafını zəiflədir, yeni iş yerlərinin açılmasını ləngidir və uzunmüddətli perspektivdə əməkhaqqı artımını məhdudlaşdırır. Digər tərəfdən, kredit risklərinin yüksək olması Azərbaycanda faiz dərəcələrinin də yüksək qalmasına səbəb olur.

Nəticə etibarilə, bank sektorunun hazırkı davranışı daha az riskli və daha sürətli qazanc gətirən modelə əsaslanır. Lakin bu model uzunmüddətli iqtisadi inkişaf baxımından balanssızlıq yaradır və biznes kreditləşməsinin zəif qalması iqtisadi struktur üçün ciddi çağırış olaraq qalır".

Nigar,

Sitat.info

 



Xəbər xətti