Sülhdən geosiyasətə: 1 il öncəki Vaşinqton görüşü Azərbaycanın regional rolunu necə dəyişdi?

11:35 8 Avqust 2026

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, praqmatik və uzaqgörən strategiyasının nəticəsi olaraq reallaşan 8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın geosiyasi xaritəsində yeni, keyfiyyətcə fərqli və tarixi bir mərhələnin əsasını qoydu. Bu görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə Avrasiya məkanında təhlükəsizlik, tərəqqi və əməkdaşlıq arxitekturasının formalaşmasında müstəsna rol oynadı. Bakının diktə etdiyi yeni reallıqların bütün dünya, xüsusilə də qlobal güc mərkəzləri tərəfindən qeyd-şərtsiz qəbul edilməsi Azərbaycan diplomatiyasının transfomativ gücünün və qlobal miqyasda qazanılmış mütləq qələbəsinin bariz nümunəsidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. 

O bildirib ki, Azərbaycan hazırda regionda sülhün və sabitliyin yeganə təminatçısıdır: "Vaşinqtonda sülh sazişinin mətninin paraflanması və illərdən bəri regionda gərginlik mənbəyi olan, öz missiyasını tamamilə doğrultmamış, iflasa uğramış ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində atılan qəti addımlar rəsmi Bakının heç bir güzəştə getmədən əldə etdiyi tarixi nailiyyətlərdir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə kifayətlənmədi, həm də regionda sülhün və sabitliyin yeganə təminatçısı olduğunu sübut etdi. Bu uğurun arxasında Ali Baş Komandanın dəmir iradəsi və xalqımızın birliyi dayanır".

T.İsmayılov vurğuladı ki, bu prosesdə ABŞ-Azərbaycan münasibətləri və Trampın Cənubi Qafqazla bağlı tutduğu mövqe də rol oynadı: "Ötən dövrdə Co Bayden administrasiyasının Cənubi Qafqaz siyasəti ziddiyyətlər, ikili standartlar və erməni lobbisinin təsiri ilə formalaşan qərəzli addımlarla yadda qalmışdı. Bayden komandasının bürokratik əngəlləri, ədalətsiz "907-ci düzəliş" kimi süni maneələri və Azərbaycanın əldə etdiyi tarixi qələbəyə kölgə salmaq cəhdləri ikitərəfli münasibətlərə ciddi zərbə vururdu. Lakin Donald Trampın hakimiyyətə qayıdışı ilə Amerikanın xarici siyasətində başlanan praqmatik və biznes yönümlü dövr bu prosesə tamamilə fərqli, müsbət dinamika gətirdi. Tramp administrasiyası köhnəlmiş ideoloji şablonlardan imtina edərək, regionun real iqtisadi və geostrateji potensialını düzgün dəyərləndirdi. Donald Trampın praqmatik liderlik üslubu Vaşinqton görüşünün nəticələrini real iqtisadi müstəviyə daşıdı. Tramp regionu köhnə stereotiplərlə deyil, XXI əsrin qlobal çağırışları prizmasından qiymətləndirərək Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. İllərlə qüvvədə olan və əməkdaşlığı ləngidən məhdudiyyətlərin dərhal aradan qaldırılması, Ağ Evdə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası və Zəngəzur dəhlizinin beynəlxalq statusunu gücləndirən "Tramp Marşrutu" (TRIPP) layihəsi barədə əldə olunan tarixi razılaşmalar bunu bir daha sübut etdi. Bu prosesdə Tramp faktoru Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarını ABŞ-ın qlobal strateji maraqları ilə uğurla uzlaşdırdı. Vaşinqton artıq Bakını Cənubi Qafqazda sadəcə bir tərəfdaş deyil, həm də Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz və etibarlı aktor kimi görür. 8 avqust zirvəsi bir daha nümayiş etdirdi ki, güclü, suverenliyini tam təmin etmiş və milli maraqlarını qətiyyətlə qoruyan Azərbaycanla yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət çərçivəsində danışmaq olar. Tramp dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, bölgəyə uzunmüddətli sülh və dayanıqlı rifah gətirdi".

Nigar,

Sitat.info

 



Xəbər xətti