Cənubi Qafqazda 8 avqust simvolizmi: Rusiya üçün 17 il sonra dəyişən reallıqlar...

12:32 8 Avqust 2026

"Vaşinqton sazişindən bir il keçir və bu bir il ərzində Azərbaycan-Ermənistan münasibətləri, eləcə də sülh quruculuğu heç vaxt olmadığı qədər böyük bir məsafə qət etdi: müqavilənin paraflanması, Azərbaycan vasitəsilə Ermənistana tranzit yükdaşımanın təşkil olunması, birbaşa danışıqların aparılması, sərhəddə delimitasiya və demarkasiya ilə bağlı heç bir vasitəçi olmadan görüşlərin keçirilməsi, TRIPP layihəsi ilə bağlı müəyyən irəliləyişlər və sentyabrdan artıq bu sahədə də real addımların planlaşdırılması doğrudan da, çox böyük irəliləyişdir".

Bu sözləri Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sitat.info-ya açıqlamasında Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bağlı razılaşmanın imzalanmasından ötən 1 illik müddəti dəyərləndirərkən deyib. 

N.Cəfərli həmçinin 8 avqust tarixinin Cənubi Qafqaz üçün başqa bir hadisə ilə əlamətdar olmasına diqqət çəkib: "Yeri gəlmişkən, burada bir simvolizm də var: 8 avqust, həm də 2008-ci ildə Rusiyanın Cənubi Qafqaza silahlı və birbaşa müdaxiləsinin ildönümüdür. Rusiya Abxaziya və Osetiya məsələsinə görə Gürcüstana qoşun yeritmişdi, Tbilisinin 26 kilometrliyinə qədər irəliləmişdi. Sanki bu tarix Cənubi Qafqazda möhkəmlənmə günü idi Rusiya üçün, 8 avqust Cənubi Qafqazda öz təsir dairəsini genişləndirmə simvoluna çevirmişdi. Üstündən bu qədər zaman keçdikdən sonra -  2025-ci ilin 8 avqustunda həm də Rusiyanın Cənubi Qafqazda zəiflədilməsinin bir imzaları da atıldı Vaşinqtonda... Bu sazişdən sonra Rusiyanın təsir dairəsi xeyli dərəcədə zəiflədi. Ümumiyyətlə, Qarabağ məsələsinin, separatizmin kökünün kəsilməsi Rusiyanı Cənubi Qafqazda ciddi şəkildə zəiflətdi. Çünki bu münaqişə vasitəsilə Rusiya həm Ermənistana, həm də Azərbaycana ciddi təsir etməyə çalışırdı".

N.Cəfərli vurğuladı ki, nə qədər qəribə səslənsə də, Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası Ermənistanı da daha müstəqil bir dövlətə çevirdi: "Bu gün Paşinyan erməni cəmiyyətinə məhz bunu anlatmağa çalışır. Ermənistan daha suveren, daha müstəqil bir dövlət oldu və bu yükün altında əzilməkdən qurtuldu. Normal, sivil bir ölkəyə çevrilmək üçün şansı yarandı".

Partiya sədri hesab edir ki, Ermənistanın sülh prosesinə sadiq qalmaqdan başqa şansı yoxdur: "Coğrafiyaya baxanda, Rusiya-Ermənistan münasibətlərinə baxanda görürük ki, Ermənistanın başqa şansı  yoxdur. Qonşularla normal münasibətlərin genişləndirilməsi Ermənistanın ayaqda qalma və inkişaf etmə strategiyasıdır. Başqa yolu olmadığını Ermənistanda da yaxşı bilirlər. Bu münaqişədən sonra, yəni Azərbaycanın parlaq qələbəsindən sonra Ermənistanda seçkiləri iki dəfə udan Paşinyan və onun komandası oldu. Bu da onu göstərir ki, erməni cəmiyyətində də artıq sülhün alternativinin olmaması ilə bağlı  bir konsensus var. Çünki bu coğrafiyada — 85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycanın əhatəsində olan Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə normal münasibətləri olmadan inkişaf etməsi heç də asan məsələ deyil. Ona görə də mən bu proseslərə çox optimist baxıram. TRIPP layihəsinin reallaşması da çox güman ki, sentyabrdan başlayacaq. Azərbaycanın haqlı tələbi olan Konstitusiya preambulasında dəyişikliklərlə bağlı addımların atılmasından sonra (artıq yeni Konstitusiya müzakirələri Ermənistanda başlayıb, çox güman ki, bu da gələn ilin əvvəllərinə təsadüf edəcək) paraflanmış sülh müqaviləsinin imzalanması və parlamentlər tərəfindən ratifikasiya olunmasının da 2027-ci ildə şahidi olacağıq".

Nərgiz,

Sitat.info



Xəbər xətti