“Azərbaycanda milliyə çox təzyiq yoxdur” - Litva yığmasının baş məşqçisi
Sitat.info xəbər verir ki, o, yerli mətbuata müsahibəsində maraqlı açıqlamalar verib:
E.Yankauskas əvvəlcə Azərbaycana qarşı keçirəcəkləri oyunu dəyərləndirib: “Rəqib kim olursa-olsun, məqsədimiz eynidir – qələbə qazanmaq istəyirik. Dəqiq bilirəm ki, asan oyun olmayacaq və heç kim qələbələri bizə asanlıqla hədiyyə etməyəcək. Bizi həqiqətən çətin mübarizə gözləyir. Buna hazır olmaq lazımdır. Rəqibin də böyük ehtimalla eyni məqsədləri olacaq”.
Litvalı çalışdırıcı əcnəbi limiti barədə danışarkən Azərbaycan çempionatına toxunub: “Əvvəla, qarşılaşacağımız bütün müsbət və mənfi cəhətləri düşünməyi, öncədən təhlil etməyi təklif edirəm. Əvvəlcə bir az daha çətin ola bilər... Oyunçu inkişafına, akademiyamıza daha çox diqqət yetirməliyik, eyni zamanda daha çox oyunçuya ehtiyacımız var.
Məsələn, Azərbaycan limitdən imtina etdi və onların klubları Çempionlar Liqasında çıxış edir, bəs onlarda nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün tələblər nədir? Düşünürəm ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Onlar bu yolu seçiblər. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Milli komandanın təzyiqi, tələbləri və gözləntiləri burada daha yüksəkdir”.
Yankauskas “Sabah”la Çempionlar Liqasının əsas mərhələsində çıxış edən həmyerlisi, Azərbaycan klubunun baş məşqçisi Valdas Dambrauskas barədə də fikirlərini bildirib: “Valdasın nailiyyəti fenomenaldır. Mən bunu elit çempionatda elit komandaya düşən futbolçunun uğuru ilə müqayisə edərdim.
Bu, belə bir şeyin mümkün olduğunu göstərir. Hər şeyin real olduğunu və bunun hansısa nağıl olmadığını göstərir. Bu, faktdır. Valdas bunu bacardı.
O, növbəti dəfə özünün əla mütəxəssis olduğunu sübut etdi. Komandanın gücü bəlkə də o qədər də vacib deyil. Əsas odur ki, düzgün istiqamətdə işləyəsən və klub rəhbərliyi ilə yaxşı əlaqən olsun. Belə olduqda bu cür məqsədlərə də çatmaq mümkündür.
“Azərbaycan çempionlarına rəhbərlik edən Valdas Dambrauskas Azərbaycan millisinin analizinə kömək edə bilərmi?” sualına məşqçi belə cavab verib:
“Mən Azərbaycan çempionatı ilə yaxşı tanışam. Bəlkə Valdasla ayrıca söhbətimiz də olacaq və o, bizə bir neçə fikir verəcək. Bilirəm ki, o, milli komandamızı çox dəstəkləyir və yəqin ki, bizə faydalı ola biləcək detalları gizlətməyəcək”.