Regionda sülh infrastrukturu qurulur: Azərbaycan tamamladı, növbə Ermənistanda...

11:53 8 Avqust 2026

"Bir il bundan əvvəl Vaşinqtonda paraflanan sülh sazişi bir neçə məqamda əhəmiyyətli oldu. Həmin saziş paraflanandan sonra faktiki Azərbaycanla Ermənistan arasında sülh quruculuğu başladı. Rusiya, Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana nəql edildi. Azərbaycan Ermənistana birbaşa yanacaq satmağa başladı. Təmas xəttində sakitlik bərqərar oldu, sərhədlərin müəyyənləşməsi prosesi davam etdi".

Bu sözləri politoloq Elxan Şahinoğlu Sitat.info-ya açıqlamasında Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bağlı razılaşmanın imzalanmasından ötən 1 illik müddəti dəyərləndirərkən deyib. 

O, bildirib ki, ikinci önəmli məqam Zəngəzur dəhlizi istiqamətində addımların atılması oldu: "Bu istiqamətdə Azərbaycan üzərinə düşəni edib, yəni biz həm dəmir yolu, həm də avtomobil yolunu çəkib bitirmək üzrəyik. Ermənistan üzərinə düşənləri etməli idi. Bu bir ildə Amerika ilə Ermənistan arasında ortaq şirkət quruldu, maliyyə ayrıldı, sonra o maliyyə iki qat artırıldı. İndi payız aylarında da dəmir yolunun təməli qoyulmalıdır".

E.Şahinoğlu hesab edir ki, Paşinyanın atmalı olduğu addımlardan biri Ermənistan Konstitusiyasından ərazi iddiaları ilə bağlı bəndlərin çıxarılmasıdır  və hazırda bu gecikir: "Amma bu bir ildə önəmli bir addıma da ehtiyac var idi ki, Paşinyan onu hələ ki atmayıb. O da nədir? Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılması. Bunun üçün aydındır ki, Ermənistanda referendum keçirilməlidir. Bu məsələdə Paşinyan hələ ki tərəddüd içindədir. Əlbəttə, o Konstitusiyanı dəyişmək, həmin maddəni çıxartmaq istəyir. Ama Rusiyanın təzyiqlərindən, Rusiyaya bağlı radikal müxalifətin ölkəni qarışdıra biləcəyindən ehtiyat edərək sanki referendum məsələsini gələn ilə saxlayır. Ama bu Azərbaycanı narahat etmir. Azərbaycan zatən torpaqlarını azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib və orada bərpa, yenidənqurma işlərimiz də davam edir. Yəni sülh sazişinin imzalanması daha çox Ermənistanın özünə lazımdır. Bütün hallarda, yəni Vaşinqtonda paraflanan sülh sazişi bölgədə sülh və sabitliyin əsasını qoydu". 

Aytac,

Sitat.info 

 



Xəbər xətti