Ukrayna Rusiyanın 3 yük gəmisini vurdu

16:40 7 Avqust 2026

Ukrayna ordusu Rusiyaya məxsus gəmilərə hücumlarını davam etdirir.

Sitat.info xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, dünən və bu gün Qara dənizdə 3 quru yük gəmisi pilotsuz uçuş aparatları (PUA) ilə vurulub. Bildirilir ki, həmin gəmilər hərbi yük daşıyırmış.

Bundan başqa, Rusiyanın Yekaterinburq şəhərində yerləşən Wildberries şirkətinin logistika mərkəzində də PUA hücumu nəticəsində yanğın baş verib.

Şirkətin açıqlamasında yanğının söndürülməsi işlərinin davam etdiyi, əməkdaşların əvvəlcədən təxliyə edildiyi və xəsarət alanlarla bağlı hələlik məlumat verilmədiyi bildirilib.

Məhsul qəbulu müvəqqəti məhdudlaşdırılıb, daşımalar isə şirkətin digər logistika mərkəzlərinə yönləndirilib.

Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler gecə saatlarında bölgə üzərində 8 PUA-nın vurulduğunu, onlardan bəzilərinin qalıqlarının Wildberries-in logistika mərkəzinin damına düşdüyünü açıqlayıb. O, hücumun nəticələrinə aid foto və videoların yayılmasının qadağan olunduğunu da xatırladıb.

Qeyd edək ki, Ukrayna son vaxtlar Rusiyanın Wildberries elektron ticarət platformasına məxsus anbar və logistika mərkəzlərini PUA-larla hədəf alır.

Aytac,

Sitat.info



Xəbər xətti