Hörmüz böhranı enerji bazarını silkələyir: Neft qiymətləri yüksəlişə keçdi

11:07 7 Avqust 2026

Brent markalı neftin bir barelinin qiyməti beynəlxalq birjalarda yenidən yüksələrək 83,10 dollara çatıb. Son sutka ərzində 83,77 dollara qədər bahalaşan Brent günü 82,49 dollarla başa vursa da, yeni ticarət sessiyasında yenidən artım nümayiş etdirib.

ABŞ-ın WTI markalı xam nefti isə 77,60 dollar səviyyəsində ticarət olunur.

Qiymət artımının əsas səbəbi Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və xüsusilə Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunmaması ilə bağlı qeyri-müəyyənlikdir. ABŞ rəsmiləri İranla danışıqların müsbət istiqamətdə getdiyini bildirsələr də, hələlik konkret razılaşmanın əldə olunmaması bazarda riskləri yüksək saxlayır. İnvestorlar mümkün yeni hərbi insidentlərin neft tədarükünə təsir göstərə biləcəyindən ehtiyat edirlər.

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın zamanda əldə oluna biləcəyini və bunun müharibənin başa çatmasına, nəticədə isə yanacaq qiymətlərinin ucuzlaşmasına şərait yaradacağını desə də, Hörmüz boğazı ilə bağlı yekun razılığın hələ olmadığını etiraf edib.

O, İranın boğazdan keçən gəmilərə hücum və ya dəniz minaları təhlükəsi yarada biləcəyini də istisna etməyib.

Digər tərəfdən, İran parlamentində ABŞ, İsrail və digər "düşmən" ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması xəbərləri bazarda narahatlığı artırıb. İran rəsmiləri Omanla əldə olunan razılaşmanın yalnız müvəqqəti marşrutu əhatə etdiyini və boğazın tam açılması anlamına gəlmədiyini bildirirlər. Bu isə enerji bazarında risk mükafatını yüksək saxlayaraq neft qiymətlərinin yaxın müddətdə də həssas qalacağını göstərir. Texniki baxımdan Brent üçün 83,48 dollar müqavimət, 82,26 dollar isə əsas dəstək səviyyəsi hesab olunur.

Nigar,

Sitat.info 



Xəbər xətti