Bakıda kirayə mənzil bazarında son aylarda diqqət çəkən əsas tendensiya qiymətlərin ümumi şəkildə artmasıdır. Bəzi ərazilərdə bu artım daha sürətli hiss olunsa da, ümumi mənzərə sabit ucuzlaşma deyil, əksinə tədrici bahalaşma istiqamətindədir. Apardığımız araşdırmaya görə, bazarda kirayə qiymətləri aylıq orta hesabla təxminən 1.5 -2 faiz aralığında artıb, illik müqayisədə isə artım artıq 10–15 faizi keçib. Ən önəmli məqam odur ki, hazırda ciddi ucuzlaşma müşahidə olunmur, daha çox qiymətlərin yavaş-yavaş yüksəlməsi və bəzi yerlərdə sabit qalması tendensiyası var.
Şəhər daxilində qiymət artımı daha çox mərkəzə yaxın yerlərdə və infrastruktur baxımından inkişaf etmiş ərazilərdə hiss olunur. Nəsimi, Səbail, Yasamal və Nərimanov rayonları kirayə qiymətlərinin ən yüksək olduğu zonalar kimi siyahının başında qalır. Bu ərazilərdə qiymətlərin yüksək olmasının əsas səbəbi mərkəzə yaxınlıq, metro və nəqliyyat əlçatanlığı, iş yerlərinin və universitetlərin burada cəmləşməsi, həmçinin yeni tikililərin çoxluğu ilə bağlıdır.
Xüsusilə yeni mənzillərdə kirayə qiymətləri daha yüksək olur və 700–1400 manata yüksələ bilir, köhnə tikililərdə isə nisbətən aşağı olsa da, yenə də bazar üzrə yüksək səviyyədə qalır.
Bunun müqabilində Xətai, Nizami və Binəqədi kimi rayonlarda qiymət artımı mövcuddur, lakin bu artım mərkəzi rayonlarla müqayisədə daha yumşaq xarakter daşıyır. Burada həm daha münasib, həm də daha bahalı variantların paralel şəkildə mövcuddur.
Daha sərfəli kirayə axtaranlar üçün isə Bakıətrafı və kənar rayonlar daha əlverişli seçim olaraq qalır. Sabunçu, Suraxanı, Qaradağ, Xəzər və Pirallahı rayonlarında, eləcə də Xırdalan və Masazır kimi qəsəbələrdə kirayə qiymətləri daha aşağıdır. Bu ərazilərdə 250–500 manat aralığında ev tapmaq mümkündür və əsasən daha sadə, köhnə tikililər üstünlük təşkil edir.
Bütün bunların fonunda bazarda həm münasib, həım balanslı seçimlər kimi Nərimanov, Xətai və Yasamalın mərkəzdən bir qədər uzaq hissələri göstərilir. Bu zonalar həm mərkəzə yaxınlığı, həm də nisbətən daha uyğun qiymətləri ilə seçilir və hazırda kirayə bazarında ən çox maraq görən ərazilərdən hesab olunur.
Ümumi nəticə ondan ibarətdir ki, Bakıda kirayə bazarında ucuzlaşma tendensiyası yoxdur. Əksinə, qiymətlər tədricən artır və bazar daha çox “bahalı sabitlik” mərhələsinə keçib. İndi kirayə seçimində əsas meyar yalnız qiymət deyil, həm də yerləşmə, nəqliyyat rahatlığı və həyat keyfiyyəti balansıdır.
Hazırda kirayə ev axtaranlar bir qədər səbrli davransalar iyun ayının əvvəllərində daha münasib qiymətlər əldə edə bilərlər. Bakının kirayə mənzil bazarında hər il təkrarlanan ən vacib mövsümi dəyişikliklərdən biri yay aylarında, xüsusilə iyun dövründə müşahidə olunur. Bu dövrün əsas xüsusiyyəti tələbələrin şəhəri tərk etməsi ilə bağlıdır və bu faktor bazarda qısamüddətli tarazlıq yarada bilir.
Mütəxəssislərin fikrincə, universitetlərdə tədris ilinin bitməsi ilə minlərlə tələbə kirayə mənzilləri boşaldır və bu, xüsusilə Yasamal, Nəsimi və Nərimanov kimi tələbə sıxlığı yüksək olan rayonlarda təklifin artmasına səbəb olur. Təklifin artması isə bəzi hallarda ev sahiblərini qiymətlərdə güzəşt etməyə vadar edir.
Lakin bu ucuzlaşma genişmiqyaslı və kəskin olmur. Əksinə, bazarda daha çox “sakitləşmə” və ya “qiymətlərin müvəqqəti sabitləşməsi” müşahidə edilir. Az sayda mənzildə 5–10 faiz civarında endirimlər mümkün olsa da, bu, ümumi bazar tendensiyasını dəyişmir.
Digər tərəfdən, bu dövr uzun sürmür. Avqustun sonu və sentyabr aylarında tələbələrin yenidən şəhərə qayıtması ilə kirayə bazarında aktivlik artır və qiymətlər yenidən yüksəlmə tendensiyasına daxil olur. Hətta bəzi illərdə bu dövrdə artım daha kəskin olub və bazarda ciddi rəqabət yaranıb.
Nəticə etibarilə, iyun ayı kirayə bazarında “real ucuzlaşma mövsümü” kimi yox, daha çox “qısa nəfəs alma dövrü” kimi xarakterizə olunur. Bu dövrdə seçim imkanları artır və bəzi evlərdə qiymət endirimi üçün danışıq şansı yaranır, lakin ümumi bazar qiymətlərində ciddi eniş gözlənilmir.
Nərgiz Liftiyeva,
Sitat.info