İran rəsmiləri danışıqlara hazır olduqları ilə bağlı açıqlamalar verir. Lakin Tehran bildirir ki, bu danışıqlar diktə olunan şərtlər və məcburi tələblər altında aparıla bilməz.
ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik etmiş Məhəmməd Baqir Qalibaf isə gələcəkdə belə bir ehtimal yaranacağı təqdirdə hərbi qarşıdurmaya da hazır olduqlarını bəyan edib.
Bundan əlavə, bir neçə gün əvvəl İran ordusunun rəhbərliyi ölkənin yenidən müharibəyə qayıdacağı halda yeni silahlar, yeni planlar və xaricdə fərqli cəbhələrlə “sürprizlər” hazırladığını açıqlayıb.
Ekspertlər hesab edir ki, Tehranda ABŞ ilə hər hansı diplomatik yaxınlaşmaya münasibətdə ciddi etimadsızlıq hökm sürür.
İran üçün əsas prioritet isə yeni müharibənin başlamayacağına dair təminat əldə etməkdir. Tehran qısa müddətli sülh və ardınca yenidən qarşıdurma ilə nəticələnən “qapanmış dövrə”yə düşmək istəmir.
Müşahidəçilər qeyd edirlər ki, ABŞ və İran tərəflərinin təklifləri arasında hələ də həllini tapmayan çoxlu ziddiyyətlər mövcuddur.
Nərgiz,
Sitat.info