8-ci mikrorayondan çıxarkən “Qoşa zapravka”nın yanından sola — Azadlıq prospekti istiqamətinə dönsəniz, cərimələnə bilərsiniz.
Sitat.info xəbr verir ki, bir müddət əvvələ qədər sürücülər bu ərazidən həm sağa, həm Binəqədi istiqamətinə, həm də Azadlıq prospektinə doğru hərəkət edə bilirdilər. Son günlər isə burada yeni yol nişanı quraşdırılıb. Artıq sürücülərə yalnız düzünə və sağa hərəkət etməyə icazə verilir.
Buna baxmayaraq, bəzi sürücülər yenə də Azadlıq prospekti istiqamətinə dönürlər. Nəticədə həmin sürücülər kameralar vasitəsilə aşkarlanaraq 40 manat məbləğində cərimə olunurlar.
Sürücülər bildirirlər ki, nişanı görmədikləri üçün qaydanı pozublar. Gün ərzində həmin yoldan bir neçə dəfə istifadə edən sürücülər iddia edirlər ki, xüsusilə axşam saatlarında bu cür qayda pozuntularının sayı daha çox olur.
Onların sözlərinə görə, əsasən saat 18:00-19:00 radələrində, hava qaralan zaman sürücülər nişanı gec fərq etdikləri üçün qaydanı pozurlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, həmin ərazidə müvafiq yol nişanı quraşdırılıb və sürücülər nişanın tələblərinə əməl etmədikləri üçün cərimə edilirlər.
Nigar