Rusiya Ermənistanda məğlub olur: Seçki günü təxribatlar ola bilər...

13:53 1 İyun 2026

"Ermənistanda keçirilən rəy sorğularına əsasən, N. Paşinyan müxalifət üzərində ciddi üstünlüyə malikdir. Rəy sorğularında onun siyasi qüvvəsi təxminən 65 % dəstək qazanıb. Əsas rəqibləri olan S. Karapetyan, R. Koçaryan və Q. Sarukyanın reytinqi isə parlament baryerini keçmək üçün kifayət etmir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, N. Paşinyanın reytinqinin birdən-birə yüksəlməsi əsasən Azərbaycanla sülh prosesini davam etdirməsi, müxalifətin isə Qarabağ məsələsini yenidən gündəmdə saxlamağa çalışması ilə bağlıdır: " Bundan əlavə, Rusiya prezidenti V. Putinin açıq təhdidləri və Ermənistan mallarına tətbiq edilən məhdudiyyətlər gözlənilən nəticəni vermədi. Əksinə, bu addımlar N. Paşinyanın mövqeyini daha da gücləndirdi. Halbuki, Moskva Ermənistan məhsullarına qarşı məhdudiyyətlər tətbiq etməklə əhalinin sosial narazılığını artıracağını və bunun N. Paşinyana qarşı etirazlara səbəb olacağını hesablayırdı".

Politoloq vurğulayıb ki, Rusiyanın “yumşaq güc” siyasəti də nəticəsiz qaldı və proseslər daha çox Kremlin əleyhinə inkişaf etdi: "Ermənistanda parlament seçkiləri qarşıdakı bazar günü keçiriləcək. N. Paşinyanın “Mülki Müqavilə” Partiyasının parlamentdə konstitusion çoxluq əldə etməsi mümkündür. Əgər Rusiya təzyiqləri artırmasaydı, həmçinin S. Karapetyan və R. Koçaryan Qarabağ məsələsini yenidən əsas siyasi gündəmə çevirməyə çalışmasaydılar, onlar N. Paşinyan üçün daha ciddi siyasi problem yarada bilərdilər. Lakin baş verən proseslər Paşinyanın siyasi maraqlarına uyğun inkişaf etdi.

Seçkilərdən sonra Rusiya-Ermənistan münasibətlərində ciddi siyasi böhranın davam edəcəyi gözlənilir. Həmçinin, seçki günü Rusiyaya yaxın siyasi qrupların müəyyən təxribatlara əl atması ehtimalı da istisna deyil".

Tehran,

Sitat.info 

 



Xəbər xətti