Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Sitat.info xəbər verir ki, Sosial Tərəfdaş layihəsi çərçivəsində pensiya və sosial ödəniş alan vətəndaşlar üçün tətbiq edilən güzəştlərin əhatə dairəsi genişlənməkdə davam edir.
Artıq Bravo supermarketlər şəbəkəsinin Koroğlu hipermarketində də pensiyaçılar üçün xüsusi endirimlər mövcuddur. Bununla yanaşı, iyulun 20-dən 25-dək burada “Endirimli Pensiyaçı Günləri” kampaniyası keçiriləcək.
Kampaniya çərçivəsində seçilmiş məhsullara 1%-dən 35%-dək xüsusi endirimlər tətbiq olunacaq.
Endirimlərdən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər, həmçinin müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, eləcə də qazilər, veteranlar və şəhid ailə üzvləri yararlana biləcəklər.
Güzəştdən istifadə etmək üçün vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməsi və tətbiqdə yerləşən Sosial Tərəfdaş barkodunu kassada təqdim etməsi kifayətdir.
Bu halda endirim alış-veriş zamanı avtomatik tətbiq olunur. Qeyd edək ki, Sosial Tərəfdaş layihəsi sosial ödəniş alan vətəndaşların gündəlik xərclərinin azaldılmasına dəstək məqsədi daşıyır və layihəyə qoşulan market, aptek və klinikaların sayı mütəmadi olaraq artır.
Ətraflı məlumatı sosialterefdash.az saytından əldə etmək və ya 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.