Milli Məclisin deputatı Ceyhun Məmmədov SİTAT.İNFO-nun qonağı olub və Qarabağ məsələsi, Azərbaycan -Ermənistan danışıqları, Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın "5-ci kolon" problemi və sair mövzularla bağlı kollektivin suallarını cavablandırıb.
- Ceyhun bəy, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
- Nəzərə almalıyıq ki, kifayət qədər mürəkkəb bir prosesdir. Əlbəttə, bir hər birimiz arzulayırq ki, yekun sülh müqaviləsi imzalansın. Amma bu heç də asan iş deyil. Biz inanırıq ki, tezliklə məsələ həllini tapacaq. Ancaq prosesin uzanmasının kifayət qədər səbəbləri var. Birinci amil Ermənistanın daxilində gedən proseslərdir. Biz ümumi baxanda görürük ki, Avropa İttifaqı bu prosesə çox ciddi qoşulub, onlarda çalışırlar ki, bu məsələ bitsin. Aİ-nin yanaşması ondan ibarətdir ki, Azərbaycanla Ermənistan bir yerdə danışıb bu məsələni yekunlaşdırmalıdırlar. Rusiya isə fərqli yanaşır və düşünür ki, onun moderatorluğu ilə, onun dediyi formatda bu işlər həyata keçirilməlidir. Burada eyni zamanda Paşinyana daxildən də təzyiqlər var. Ermənistan müxalifəti nə qədər çalışsa da, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Biz davamlı olaraq Ermənistanın daxilindəki müxalifətin təzyiqlərini müşahidə edirik. Paşinyan həm Avropa İttifaqı ilə əməkdaşlıq etməyə çalışır, həm də zaman-zaman Rusiyanın da yanaşmasını nəzərə alır. Eyni zamanda ölkə daxilindəki müqaviməti, müxalifətin yanaşmasını nəzərə alaraq, zaman-zaman müxtəlif bəyanatlar verir. Amma ümumən görünən odur ki, Paşinyan Ermənistan cəmiyyətini bu prosesə hazırlamağa çalışır. Biz artıq müəyyən bir məsafə qət etmişik. Əvvəlki dövrdə status məsələsi, ATƏT məsələsi davamlı olaraq vurğulanırdı, məsələ qaldırılırdı. Amma hazırda Azərbaycan konkret mövqe bildirərək öz mövqeyini Avropa İttifaqı müstəvisində təsdiqlədib. Burada bölgədə gedən proseslərin də təsiri var. Mərhələli şəkildə biz irəliyə doğru gedəcəyik. Dəmiryolu ilə bağlı məsələ artıq razılaşdırılıb, delimitasiya prosesi ilə bağlı aydın mövqelər var. Bu məsələlərdə irəliləyiş var, Azərbaycanın 5 şərtini Ermənistan qəbul edib. Artıq Ermənistan daxilində pozitiv bəyanatların da şahidi oluruq. Burada həm daxili, həm də xarici faktorlar rol oynayır. Amma inanıram ki, biz zamanla yekun məqsədimizə və hədəfimizə nail olacağıq.
- Lavrovun Bakıya gəlişinin səbəbləri ciddi müzakirə olunur. Sizin bu barədə fikirlərini nələrdir? Rusiya bölgədə proseslərin əlindən çıxmasındanmı narahatdır?
- Rusiyanın bölgədə ciddi maraqları var və birmənalı olaraq bu prosesdə Avropa İttifaqının iştirakının qəti əleyhinədir. Bu Rusiyanın öz yanaşmasıdır. Aİ də çalışır ki, danışıqlara daxil olsun. Biz bu məsələlərə Rusiya-Qərb qarşıdurması müstəvisində də baxmalıyıq. Çünki Qərbin məqsədi Rusiyanı tamamilə zəiflətməkdir. Azərbaycan isə çalışır ki, həm Rusiya, həm də Aİ ilə münasibətlərini qorusun. Amma Azərbaycanı maraqlandıran konkret məsələlər də var. 10 noyabr bəyannaməsinin imzalanmasından 1 ildən artıq vaxt keçir. Rusiya burada vasitəçi kimi müəyyən öhdəliklər götürüb. Bu günə kimi bir sıra məsələlər həllini tapmayıb. Razılaşmanın 4-cü bəndində qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması, Qarabağdan çıxarılması məsələsi hələ ki, həllini tapmayıb. Azərbaycanın bununla bağlı mövqeyi var. Rusiya tərəfi də öz mövqeyini bildirəcək. Amma Azərbaycanın Rusiyaya münasibətlə bağlı siyasətində hər hansı dəyişiklik yoxdur. Biz balanslaşdırılmış siyasət həyata keçiririk. Bəzən müxtəlif çağırışlar olur ki, Rusiyanın başının Ukraynada qarışmasından istifadə etməliyik. Azərbaycan dövlətinin belə bir planı yoxdur. Biz münasibətlərimizin normal məcrada inkişafı istiqamətində səylərimizi davam etdiririk. Lavrovun səfərində də Rusiyanın müxtəlif yanaşması olacaq. Bir müddət əvvəl də Lavrov Azərbaycanda olmuşdu. Azərbaycanın da bu görüşdə irəli sürəcəyi kifayət qədər arqument var.
Qarabağdakı separatçı rejimin heç bir perspektivi yoxdur
- Qarabağdakı silahlılar məsələsini qısa müddətdə necə həll edə bilərik?
- Azərbaycan ictimaiyyəti haqlı olaraq istəyir ki, bu proses sürətlə getsin. Mən əminəm ki, biz öz məqsədimizə nail olacağıq. Qarabağı bütünlüklə azad edəcəyik və bu ərazilər Azərbaycan tərəfindən idarə olunacaq. Sadəcə bu zaman məsələsidir. Proseslərin gedişi onu göstərir ki, Azərbaycan öz hədəfinə doğru irəliləyir. Qarabağdakı separatçı rejimin heç bir perspektivi yoxdur. Qarabağdakı ermənilər anlayırlar ki, onların Azərbaycansız perspektivləri yoxdur. Bu gün Qarabağdan Ermənistana kütləvi axın var. Ermənistanın hazırki hakimiyyətinin Qarabağa münasibəti əvvəlki münasibət deyil. Ümumi proseslər bizim məqsədimizə çatmağımıza aparır. Bütün yüksəkliklər bizdədir, hərbçilərimiz təlimlər keçirir. Məqsədimizə nail olmağımız an məsələsidir. Amma istəyimiz odur ki, məsələlər sülh yolu ilə həll olunsun. Amma bunu bir 30 il də gözləyəsi deyilik. Məsələ uzanarsa, başqa alternativlərimiz də var. Amma hələ ki, danışıqlar limitimiz tükənməyib. Səbrlə, təmkinlə prosesi davam etdirməliyik.
Prosesin tam başlaması üçün yekun sülh sazişi imzalanmalıdır
- Ceyhun müəllim, Qarabağa böyük qayıdış niyə gecikir və konkret olaraq nə zaman başlayacaq?
- Mən Böyük qayıdış proqramının gecikməsi fikri ilə razı deyiləm. Azərbaycan cəmiyyətində belə bir narahatlıqlar var. Ancaq reallıqda heç də elə deyil. Böyük qayıdış bizim təxmin etdiyimiz qədər asan məsələ deyil, çoxlu vaxt tələb edir. Biz təhlükəsizliyimizi təmin etməliyik. Bizim regionda cərəyan edən proseslər də buna təsirini göstərir. Biz oraya qayıdırıq, bunun üçün baş planlar hazırlanmalı və çox ciddi şəkildə işlənməlidir. Burada yol çəkilişləri sürətlə həyata keçirilməlidir. Eləcə də su və qaz təminatı həllini tapmalıdır. Məsələyə bütöv bir proses kimi yanaşmalıyıq. Artıq Zəngəzurda Ağalı kəndində işlər yekunlaşdı. Növbəti mərhələdə digər rayonlarda da bu prosesə başlayacağıq. Böyük vəsait tələb olunur. Minaların təmizlənməsi işləri aparılır. Yol çəkilməsi, ilkin tikinti işləri də həyata keçirilir. Prosesin tam başlaması üçün yekun sülh sazişi imzalanmalıdır. Bundan sonra böyük qayıdış daha da sürətlənəcək.
Postmüharibə dövründə də yeni təhdidlərlə üz-üzə qala bilərik, bizi yeni təhlükələr gözləyir
-Azərbaycanda bu gün hansı dövlətlərin “5-ci kolon”u daha güclüdür? Onların təxribat törətmə ehtimalı varmı?
- Bu çox vacib sualdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox həssas bir bölgədə yerləşir. Burada bizim çox zəngin resurslara malik olmağımız, neft-qaz resursları , tranzit imkanları və sair bütün dünyanın Azərbaycana marağını artırır. İstər Qərb olsun, istər Rusiya olsun, istərsə də müsəlman ölkələri olsun – bunlar hamısı çalışırlar ki, Azərbaycanda öz maraqlarını təmin etsinlər. Biz 5-ci kolon dedikdə əvvəllər insanlar daha çox Rusiyanı nəzərdə tuturdular. Amma əslində prosesi daha dərindən təhlil etsək görərik ki, ətrafımızda olan bütün dövlətlərin Azərbaycanda maraqları var. Onlar öz maraqlarını təmin etmək üçün burada hansısa formada təşkilatları, qurumları, şəxsləri dəstəkləyir və maliyyələşdirirlər. Qərbdə belə dairələr var ki, qrantla müəyyən təşkilatları ələ alırlar. Bəzi müsəlman ölkələrinin də Azərbaycanda hədəfləri var və çalışırlar ki, buradakı proseslərə təsir etsinlər, ölkədə onları dəstəkləyəcək kütlə yetişdirsinlər. Bu bəzən dövlət səviyyəsində olur, bəzən də müxtəlif təşkilatlar səviyyəsində.
Ermənistanın mövqeyi məlumdur. Gürcüstanla isə münasibətlərimiz normaldır. Amma Gürcüstanda da elə qüvvələr var ki, Azərbaycanın şimal-qərbinə iddialıdırlar, deyirlər ki, Şəkiyə qədər olan ərazi bizimdir. İranla dövlət səviyyəsində münasibətlərimiz normaldır, müəyyən anlaşılmazlıq oldu və aradan qalxdı. Amma bu gün də zaman-zaman biz İranın daxilində hansısa qruplaşmaların Telegram kanalları və media vasitəsilə Azərbaycanla bağlı iddialar və fikirlər səsləndirdiyini də görürük. Rusiya ilə bağlı müəyyən məsələlər var. Türkiyə bizimlə qardaş ölkədir. Amma Türkiyə daxilində də Azərbaycanı istəməyən qüvvələr var. Azərbaycan qələbədən sonra yeni çağırışlarla üz-üzədir. Bizim qısa müddətdə Qarabağ problemini həll etməyimiz bəzi dövlətlərdə narahatlıq yaradır. Onlar çalışırlar ki, hansısa qruplar vasitəsilə Azərbaycana öz təsirlərini göstərsinlər.
Ona görə də, bizim vətən müharibəsinə qədər olan dövrdə konsepsiyamız və gələcəyə baxışımız torpaqlarımızı azad etməyə yönəlmişdi. Amma postmüharibə dövründə də yeni təhdidlərlə üz-üzə qala bilərik, bizi yeni təhlükələr gözləyir. Bu barədə də cənab prezident öz fikrini bildirdi ki, biz Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün çalışmalıyıq. Yəni, vətən müharibəsindəki qələbəmiz hələ gələcəyimizin təhlükəsizliyini tam təmin etmək anlamına gəlmir. Ermənistanın təhdidləri davam edir. Təhlükəsizliyimizin təmin olunması, həmrəyliyimizin daha da gücləndirilməsi üçün davamlı addımlar atmalıyıq. Ayrı-ayrı dövlətləri, qurumları təmsil edən “5-ci kolon”a qarşı da çox ciddi mübarizə aparmalıyıq.
- Rusiya-Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə yekunlaşarsa, Azərbaycanı nə gözləyir?
- Rusiyanın əsas hədəfi keçmiş Sovet Birliyini bərpa etməkdir. Rusiya daxilindəki müəyyən liderlərin baxışı ondan ibarətdir ki, bu torpaqlar tarixən bizim olub, bu respublikalar Sovet məkanı daxilində fəaliyyət göstərib. Bu gün nə üçün onlar yenidən hansısa ad altında Rusiya ilə birləşməsinlər. Bu gün Rusiyanın marağı keçmiş Sovet məkanının, eləcə də Şərqi Avropa məkanını öz təsiri altında saxlamaqdır. Sovetlər dağılana kimi dünyada iki supergüc var idi- ABŞ və SSRİ. Bu gün vəziyyət dəyişib, Rusiya çalışır ki, yenidən həmin hegemonluğunu bərpa etsin. Rusiya Ukraynada qələbə çalarsa, nə olacaq? Əsas məqam odur ki, Azərbaycan Rusiya ilə münasibətlərini yüksək səviyyədə qoruyub. Doğrudur zaman-zaman müxtəlif çağırışlar və fərqli yanaşmalar olsa da, biz dövlət olaraq Rusiya ilə münasibətlərimizi qorumuşuq. Əlaqələrimizi müttəfiqlik müstəvisinə kimi gətirib çıxartmışıq. Azərbaycana təhdidlərə gəlincə, dövlətimiz güclü orduya malikdir, ən müasir silahlarla təhciz olunub. Ordumuzun böyük təcrübəsi var. Ayrı-ayrı dövlətlərin başçıları , siyasi analitiklər Azərbaycanın mövqeyinin tamamilə fərqli olduğunu bildirirlər. Azərbaycanı digər ölkələrlə müqayisə etmək düzgün deyil. Biz həm də Türkiyə ilə Şuşa bəyannaməsini imzalamışıq. Bu bəyannaməyə əsasən dövlətlər bir-birlərinin təhlükəsizliyinin təmin olunmasına dəstək olmalıdırlar. Bu da bizə imkan verir ki, təhlükəsizliyimizi təmin edə bilək.
Nərgiz LİFTİYEVA
SİTAT.İNFO