Karbohidrat tərkibinin yüksək olmasına görə tez-tez tənqid edilən bəzi qidalar əslində beyin sağlamlığı üçün faydalıdır. Bu barədə diyetoloq Roksana Ehsani bildirib.
Sitat.info xəbər verir ki, mütəxəssis ən çox haqsız yerə zərərli hesab edilən iki məhsulun ağ düyü və kartof olduğunu deyib.
Diyetoloqun sözlərinə görə, ağ düyü emal olunmuş karbohidrat hesab olunsa da, orqanizm tərəfindən asan mənimsənilir, uzun müddət toxluq hissi yaradır və B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər beynin yaşlanma prosesini ləngitməyə kömək edir. Ehsani qeyd edib ki, ağ düyünü tərəvəz və ya tam taxıllı məhsullarla birlikdə qəbul etmək qanda şəkərin səviyyəsini sabit saxlamağa və beyni enerji ilə təmin etməyə kömək edir. Mütəxəssis kartofun da haqsız yerə zərərli qida kimi qiymətləndirildiyini vurğulayıb.
Onun sözlərinə görə, kartof antioksidantlar, mis, kalium, B6 vitamini, lif, zülal və niasinlə zəngindir. Bu maddələr beyin hüceyrələrini zədələnmədən qoruyur, enerji təminatını yaxşılaşdırır və beynin normal fəaliyyətini dəstəkləyir.
Ehsani əlavə edib ki, bəzi kartof növlərində olan karotinoidlər sinir sistemində toplanaraq idrak qabiliyyətinin və yaddaşın yaxşılaşmasına müsbət təsir göstərir.
Qeyd edək ki, dietoloq daha əvvəl də səhər yeməyində şəkərli qəhvə və şirin bulkaların əvəzinə daha balanslı qidaların seçilməsini tövsiyə etmişdi. Onun sözlərinə görə, şəkər və rafinə edilmiş undan hazırlanan şirniyyatlar sağlamlıq üçün faydalı seçim hesab olunmur.