Hazırda ölkədə aqrar sektorun inkişafına əsas əngəllərdən biri suvarma suyu ilə bağlı qıtlıqdır. Su qıtlığı fermerlərin əkin sahələrinin məhv olmasına, torpaqların quruyub cadarlaşmasına, şoranlaşmasına səbəb olur. Bir çox yerlərdə isə su mənbələri olsa da, fermerlər şəxsi vəsaitləri hesabına onu kilometrlərlə çəkib əkin sahəsinə çatdıra bilmirlər. Ölkədə hələ də primitiv suvarma üsullarından istifadə edilir.
Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, son illər suvarma problemləri, eləcə də aqrar sektorda suya olan tələb ən vacib məsələlərdən biridir:
"Bu istiqamətdə ciddi müzakirələr gedir. Su yataqlarının, mənbələrin məhdud olması, eləcə də Azərbaycanda su ehtiyatlarının əhəmiyyətli hissəsinin ölkədən kənarda formalaşması fermerlər üçün suya olan tələbin ödənilməsində son illər çətinliklər yaradır. Azərbaycanın xüsusən Aran rayonlarında suya tələbin ödənilməsində çətinliklər müşahidə olunur".
V.Bayramov ölkədə yeni su höövzələrinin yaradılmasının vacibliyini vurğuladı: "Bizim təklifimiz su balansının hazırlanması və buna uyğun olaraq suyun daha faydalı şəkildə və müasir normalara uyğun olaraq istifadə edilməsi, eyni zamanda su hövzələrinin sayının artırılması vacibdir. Qış-yaz dövründə yağışlar nəticəsində yaranan su ehtiyatlarından sonrakı dövrlərdə su hövzələrinin sayı az olduğu üçün istifadə etmək mümkün olmur. Keçmiş SSRİ dövründə də su hövzələrində yağış sularının bir qisminin saxlanılması həyata keçirilirdi. Bu da suya olan tələbin ödənilməsinə dəstək idi. Azərbaycanda su hövzələrinin sayının artırılmasına ehtiyac var".
Deputat vurğuladı ki, gələcəkdə Xəzər dənizinin suyundan da suvarma üçün istifadə edəcəyik: "Gələcəkdə Yaxın Şərq ölkələrində duzlu suyun, yəni dəniz suyunun suvarma üçün yeni texnologiya əsasında dəyişdirilməsi və suvarma üçün istifadə edilməsi də reallaşa bilər. Xəzər dənizinin suyunun bir sıra Körfəz ölkələrində olduğu kimi suvarma suyuna çevrilməsi, suvarmada suya olan tələbin ödənilməsi baxımından faydalı olardı. Bu sahədə ən böyük təcrübə İsrailə məxsusdur. İsrail şirkətləri ilə əməkdaşlıq suya olan tələbin ödənilməsində kifayət qədər ciddi irəliləyişlərin əldə edilməsinə gətirib çıxara bilər".
Nigar Abuzər,
SİTAT.İNFO