Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
SİYASƏT 05 Oktyabr 2026 13:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.

Sitat.info xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd etdi.

Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət etdi.

Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirdi.

Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulandı.

Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu.

Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edildi.