Sumqayıtda avtobuslar niyə nağdsız ödəniş sisteminə keçirilmir? - VİDEO

SOSİAL 06 Oktyabr 2026 10:12

Sumqayıtda marşrut avtobuslarında gedişhaqqını kartla ödəmək mümkün deyil.

Sitat.info xəbər verir ki, sakinlərin illərdir gözlədikləri nağdsız gedişhaqqı sistemi hələ də tətbiq olunmayıb.

Sərnişinlər deyirlər ki, Sumqayıt şəhərində marşrut avtobuslarında bu sistem ilk dəfə 2021-ci ildə istifadəyə verilib, lakin cəmi 54 gün sonra texniki problemlər səbəbindən dayandırılıb. Həmin vaxt yeni validatorların quraşdırılacağı və problemin bir-iki ay ərzində həll olunacağı bildirilsə də, üstündən 5 il keçib.

Bu müddətdə müxtəlif tarixlər vəd edilib, sonuncu dəfə isə şəhərdaxili avtobusların 2026-cı ilin yanvarından kart sisteminə keçəcəyi bildirilib. Ancaq oktyabr ayı olsa da, sistem hələ işə salınmayıb.

Bəs Sumqayıtda marşrut avtobuslarında kart sistemi nə vaxt tətbiq ediləcək? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı iş aparılır. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur.