Gömrükdə gərgin anlar: Sərnişin əşyalarını təqdim etməkdən imtina etdi - VİDEO

Gömrükdə gərgin anlar: Sərnişin əşyalarını təqdim etməkdən imtina etdi - VİDEO
HADİSƏ 24 Noyabr 2026 18:42

Dubay-Bakı reysi ilə gələn azərbaycanlı sərnişin gömrük yoxlaması zamanı əşyalarını təqdim etməkdən imtina edərək aqressiv davranıb.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 20-də baş verib. Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşı Eldur Hüseynov gətirdikləri əşyaların yoxlanılması üçün gömrük baxışına dəvət olunublar.

Lakin Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib və kəskin aqressiya nümayiş etdirərək yoxlamaya etiraz edib. Bu səbəbdən ona məxsus əşyalar gömrük nəzarətinin davam etdirilməsi üçün digər yoxlama zonasına yönləndirilib.

Vətəndaşın etik davranış qaydalarına riayət etməməsi ilə bağlı müvafiq akt tərtib olunub və hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bildirilib ki, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib, məsələ müzakirə olunub və ona gömrük qaydaları barədə ətraflı məlumat verilib.