Valideynlərə təcili xəbərdarlıq: Bu infeksiyaya diqqət
Sitat.info “Yeni Sabah”a istinadən xəbər verir ki, hava-damcı yolu ilə yayılan Hib infeksiyası beyin qişalarının iltihabına (meningit), kəskin pnevmoniyaya, qan dövranı infeksiyalarına (sepsis) və boğaz nahiyəsində təhlükəli şişməyə səbəb ola bilər. Bu xəstəliklər əlillik və hətta ölümlə nəticələnə bilər.
Azərbaycanda Hib komponenti milli peyvənd təqviminə daxildir. Peyvənd uşaqlara beşli və ya altılı kombinə olunmuş peyvəndlərin tərkibində vurulur. Tam immunitetin formalaşması üçün körpələrə 2, 3 və 4 aylığında olmaqla üç doza peyvəndin vurulması tövsiyə edilir.
Hib peyvəndinin geniş tətbiqi nəticəsində dünyada bu bakteriyanın törətdiyi ağır və ölümcül xəstəliklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Uşaqların peyvənd təqviminə uyğun immunizasiyası onların sağlamlığının qorunmasında mühüm rol oynayır.