Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər - KİV

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər - KİV
İQTİSADİYYAT 23 Oktyabr 2026 20:15

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır.

Sitat.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən forum zamanı bildirib:

"Bizi Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya dövlətləri ilə birləşdirən "Şimal-Cənub" dəhlizi inkişaf edir, onun uzunluğu 7 min kilometri ötərək Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır. Cari ildə artımın əsas hərəkətverici qüvvələri tranzit həcmlərinin müvafiq olaraq 19% və 24% artdığı Azərbaycan və İran üzərindən keçən Transxəzər və qərb marşrutları olub. Belarusla Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə təsir göstərib. Rusiya pərakəndə satıcıları üçün Türkiyə və Azərbaycandan meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru marşrutu ilə çatdırılması variantları üzərində iş aparılır".

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Rusiya, Qafqaz və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi və Hind okeanı ölkələri ilə əlaqələndirir. Bu multimodal dəhlizin yaradılmasına dair saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb, hazırda isə 12 dövlət onun iştirakçısıdır. Dəhliz üç istiqaməti özündə birləşdirir: Xəzər dənizinin qərb sahili boyunca qərb, şərq sahili boyunca şərq və Xəzər dənizi üzərindən Transxəzər marşrutları.