Əbu-Dabidə üçtərəfli görüş gözlənilir – Zelenski Rusiyaya güzəşti rədd etdi

Əbu-Dabidə üçtərəfli görüş gözlənilir – Zelenski Rusiyaya güzəşti rədd etdi
Dünya 26 Oktyabr 2026 12:50

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya ilə noyabrın ilk yarısında keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən əvvəl Moskvaya qarşı bütün sanksiyaların ləğv edilməsinə etiraz edib.

Sitat.info xəbər verir ki, Zelenski sanksiyaların yalnız müharibənin başa çatdırılması çərçivəsində aradan qaldırıla biləcəyini bildirib.

Onun sözlərinə görə, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüşməsi planlaşdırılır. Zelenski ərazi məsələsinin yalnız dövlət başçıları səviyyəsində müzakirə edilə biləcəyini vurğulayıb.

Ukrayna lideri ölkəsinin neytrallığı və ordusuna qoyulacaq məhdudiyyətlərin müzakirə mövzusu olmadığını deyib. O, həmçinin ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün ləng getdiyini bildirib.

Zelenski əlavə edib ki, sanksiyaların əvvəlcədən ləğvi Ukraynanın danışıqlardakı mövqeyini zəiflədə bilər. Onun fikrincə, Rusiyaya qarşı məhdudiyyətlər Moskvanın təcavüzünə görə tətbiq olunub və müharibənin dayandırılması ilə əlaqələndirilməlidir.

ABŞ tərəfi ilə müzakirələrdə enerji infrastrukturuna hücumların dayandırılması, dənizdə atəşkəs, taxıl daşınması və əsir mübadiləsi kimi məsələlər də gündəmə gətirilib.

Seymur,

Sitat.info