Nyu-Yorkda yaşayış binası çökdü: Ölən və yaralananlar var
ABŞ-ın Nu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılar arasında 7 uşağın olduğu bildirilir.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, hadisə noyabrın 11-də günortadan sonra şəhərin Flatbuş məhəlləsində baş verib. Dörd mənzildən ibarət olan bina yaxınlıqdakı tikinti sahəsinə doğru uçub. Həmin ərazidə qazıntı işlərinin aparıldığı bildirilir.
Nyu-York Yanğınsöndürmə İdarəsinin məlumatına görə, hadisə yerinə 250-dən çox yanğınsöndürən və təcili tibbi yardım əməkdaşı cəlb olunub. Xilasedicilər dağıntılar altında qalan insanları tapmaq üçün xüsusi təlim keçmiş itlərdən, dronlardan və texniki avadanlıqlardan istifadə ediblər.
Məlumata görə, dağıntılar altından sağ çıxarılanlar arasında hamilə qadın da olub. Ümumilikdə 19 nəfər zərərçəkmiş qeydə alınıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Bir yanğınsöndürən də xəsarət alıb.
Nyu-York meri Zöhran Məmdani hadisəni ağır faciə adlandırıb. O, dağıntılar altında başqa insanların qalıb-qalmadığının hələ dəqiq bilinmədiyini və axtarış-xilasetmə əməliyyatının bir neçə gün davam edə biləcəyini bildirib.
İlkin məlumata görə, binanın çökməsi zamanı qonşu ərazidə qazıntı işləri aparılırmış. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Aytac,
Sitat.info