Nvidia-da böyük qalmaqal: CEO-nun sevgi macərası ABŞ-ı silkələdi

Nvidia-da böyük qalmaqal: CEO-nun sevgi macərası ABŞ-ı silkələdi
İQTİSADİYYAT 12 Noyabr 2026 13:55

Dünyanın ən böyük süni intellekt çip istehsalçılarından biri olan Nvidia son günlər ciddi rəhbərlik böhranı ilə üzləşib. Şirkətin baş direktoru və həmtəsisçisi Censen Huangın vəzifədən uzaqlaşdırıla biləcəyi ilə bağlı xəbərlər texnologiya və maliyyə bazarlarında ciddi narahatlıq yaradıb.

Sitat.info xəbər verir ki, noyabrın 10-dan 12-dək yayılan məlumatlara əsasən, Huangın şəxsi əlaqələri və Çinlə mümkün bağlantılar ətrafında yaranan iddialar ABŞ-da diqqət mərkəzinə düşüb. Onun Alice Huang adlı çinli iş qadını ilə əlaqələrinin olduğu, həmin şəxsin isə Çin kəşfiyyatı ilə mümkün bağlantılarının araşdırıldığı bildirilir. Həmçinin Nvidia çiplərinin Çinə çatdırılmasına yardım göstərilməsi ilə bağlı iddialar gündəmə gəlib. Bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

Məlumatlara görə, Huang şirkət əməkdaşlarına göndərdiyi məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib və şəxsi həyatında yol verdiyi səhvlərə görə məsuliyyəti üzərinə götürüb. Bununla yanaşı, onun başqa bir qadınla münasibəti barədə də xəbərlər yayılıb.

Direktorlar şurası hərəkətə keçib

Qalmaqal fonunda Nvidia-nın direktorlar şurasının daxili araşdırmaya başladığı və kənar hüquqşünasları prosesə cəlb etdiyi bildirilir. Şuranın Huangın gələcək taleyini müzakirə etdiyi barədə məlumatlar yayılsa da, onun vəzifədən çıxarılması ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Nvidia səhmləri ucuzlaşdı

Baş verənlər şirkətin səhmlərinə də təsirsiz ötüşməyib. Nvidia səhmlərinin ucuzlaşması ilə yanaşı, onun süni intellekt infrastrukturuna investisiya yatırdığı və əməkdaşlıq etdiyi şirkətlərin də səhmlərində geriləmə müşahidə olunub. Eyni zamanda, rəqiblər AMD və Broadcom-un səhmlərində artım qeydə alınıb.

Huang getsə, süni intellekt bazarında nə dəyişəcək?

Analitiklərin diqqət çəkdiyi əsas məqam Huangın mümkün gedişinin təkcə Nvidia-ya deyil, bütövlükdə süni intellekt sektoruna təsir göstərə bilməsidir. Belə ki, şirkət süni intellekt sistemləri üçün çiplərin əsas təchizatçılarından biri olmaqla yanaşı, məlumat mərkəzlərinin inkişafına yönələn böyük investisiyaların da əsas iştirakçılarındandır.

Şirkətdə mümkün rəhbərlik dəyişikliyi ilə bağlı müzakirələr fonunda Nvidia-nın məlumat mərkəzləri üzrə rəhbəri Ian Buck və maliyyə direktoru Colette Kressin adları mümkün namizədlər kimi hallanır. Lakin bu barədə rəsmi açıqlama yoxdur.

Beləliklə, Nvidia ətrafında yaranan vəziyyət qlobal texnologiya bazarında qeyri-müəyyənliyi artırıb. İnvestorlar şirkətin rəhbərliyi ilə bağlı qərarı və qarşıdakı maliyyə nəticələrini gözləyirlər.

Nigar,

Sitat.info