İstanbulun küçələrində aslan peyda olub, heyvanın tutulması üçün tədbirlər görülür
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunun Uskumruköy məhəlləsində aslanın görünməsi barədə məlumat yayıldıqdan sonra başlanan axtarış tədbirləri davam edir. Heyvanın tapılması və sağ tutulması üçün aidiyyəti qurumlar genişmiqyaslı əməliyyat həyata keçirir.
Sitat.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabrın 22-də axşam saatlarında daxil olan məlumat əsasında əraziyə jandarma, Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin, eləcə də Sarıyer Bələdiyyəsinin əməkdaşları cəlb olunublar. Təhlükəsizlik kameralarının görüntülərində aslan olduğu ehtimal edilən heyvanın hərəkəti qeydə alınıb.
Meşəlik ərazidə və ətrafdakı yaşayış sahələrində axtarış işləri gücləndirilib. Əraziyə giriş-çıxış nəzarətə götürülüb, sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Əməliyyat zamanı termal kameralı dronlardan da istifadə olunur. Heyvanın zərər verilmədən, sakitləşdirici vasitə ilə tutulması nəzərdə tutulur.
İstanbul Valiliyi aslanın olduğu ehtimal edilən ərazinin müəyyənləşdirildiyini və onun sağ tutulması üçün tədbirlərin davam etdiyini açıqlayıb.
Aslanın İstanbulda necə peyda olması ilə bağlı araşdırma aparılır.