Son bir neçə ildə dünyada baş verənlər taxıl-buğda ehtiyatlarında çatışmazlıq yaratdı. Taxıl ehtiyatına əvvəlcə pandemiya, daha sonra isə Rusiya-Ukrayna müharibəsi zərər vurdu. Çünki Rusiya və Ukrayna Avropa ölkələrinin taxıla olan ehtiyacının 60-70 faizini ödəyirdi. İndi isə müharibənin törətdiyi fəsadlara görə, həmin ölkələrdə ixracat dəfələrlə azalıb. Bu isə Avropada və dünyanın digər ölkələrində ərzaq taxılının qıtlığına və həmin məhsullarının bahalaşmasına gətirib çıxarıb. Bu hal təbii ki, Azərbaycana da öz təsirini göstərdi. Ötən aylarda çörəyin qiymətində artım müşahidə olundu.
Bəs bu bahalaşma nə vaxtadək davam edəcək?
Çörəyin qiymətində yenə artım gözlənilirmi?
İqtisadçı ekspert Natiq Cəfərli Sitat.info-ya açıqlamasında bu suallara cavab verib.
İqtisadçı bildirib ki, dünya taxıl bazarında son 3 ildə qiymətlər həddindən artıq sürətlə artıb: "2019-cu ildə 180-190 dollara satılan bir ton taxılın qiyməti indi 400 dolları keçib. Amma biraz enmələr də müşahidə olundu. Türkiyənin vasitəçiliyi ilə taxıl koridorunun açılması, Ukrayna taxılının dünya bazarına çıxmağa başlaması qiymətləri 440 dollardan 390-400 dollaradək aşağı çəkdi. Yəni, hardasa 50 dollarlıq ucuzlaşma var. Amma bu təbii ki, yetərli deyil. Azərbaycan kimi ölkələrdə də problem ondan ibarətdir ki, taxıl aslılığımız kifayət qədər yüksəkdir. Bizim xaricdən taxıl aslılığımız 75 faizdir. Və qiymət dəyişiklikləri anında ölkənin daxili bazarda hiss olunur”.
Natiq Cəfərli vurğuladı ki, Azərbaycanda un məmulatlarının qiymətində də artım müşahidə olunacaq: "Çörəyin qiymətində dəyişiklik edilə bilər. Amma nəticə etibarilə çörəyin bahalaşması ən gec baş verə biləcək hadisədir. Çünki bu həssas və sosial məsələ olduğundan çox zaman Azərbaycanda çörəyin qiymətinin bahalaşmadan əvvəl çörəyin çəkisinin azalmasını müşahidə edirik. Ola bilsin ki, bir müddət çörəyin çəkisini aşağı salmaqla qiymət artımı ertələnsin. Amma taxıl bazarında gərginlik davam edəcəksə bu hal baş verə bilər. Bu gərginliyin davam etməsi ehtimalı da çox yüksəkdir. Məsələn, bu il Ukraynada taxıl əkini çox az olacaq . Bu da o deməkdir ki, payız taxılının həcmi də azalacaq. Ən az 10-12 milyon ton azalma müşahidə olunacaq. Bu da qiymət artımına təsir edəcək”.
Lamiyə Xəqani
SİTAT.İNFO