"Elə sabah çıxsınlar" - Paşinyan Rusiyanın hərbi bazasından danışdı 

\"Elə sabah çıxsınlar\" - Paşinyan Rusiyanın hərbi bazasından danışdı 
SİYASƏT 17 Sentyabr 2026 15:52

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində yerləşən Rusiya hərbi bazasının təhlükəsizlik baxımından həyati əhəmiyyət daşımadığını və buna ehtiyaclarının olmadığını bildirib.

Sitat.info xəbər verir ki, Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı açıqlamalar verib.

O, hərbi baza məsələsini Ermənistanın deyil, Rusiyanın müzakirəyə çıxardığını bildirib.

“Bu hərbi baza Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır”, - Paşinyan deyib.

Baş nazir Rusiyanın hərbi bazasının Ermənistanda mövcudluğunun ölkənin təhlükəsizliyinə əlavə təminat yaratmadığını vurğulayıb.

“Rusiya bizim dost ölkəmizdir. Bizim Rusiyanın hərbi bazasına ehtiyacımız yoxdur. Əgər çıxmaq istəyirlərsə, buyursunlar, elə sabah çıxsınlar. Amma qalmaq istəyirlərsə, Ermənistan üçün lazımsız olan bu bazanın qalması şərtlərini müzakirə etməyə hazırıq”, - Paşinyan bildirib.

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi varlıqlarından biri hesab olunur.

Baza 1995-ci ildə imzalanmış razılaşma əsasında fəaliyyət göstərir. Burada quru qoşunları bölmələri ilə yanaşı, hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri də yerləşdirilib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl baza ilə bağlı “Ermənistan bu infrastruktura ehtiyacı olmadığına qərar verərsə, sabah belə çıxarıq” açıqlamasını vermişdi.

Aytac,

Sitat.info