Böyük ehtimalla, Prezident Tokayev balaca bir regionda baş verən etiraz mitinqlərinin inkişaf edəcəyini bilirmiş. Tələsik hökuməti istefaya göndərdi və qorxaqlıq əlaməti olaraq "məni heç kim yerimdən tərpədə bilməz" dedi. Əvvəldən o rus qoşunlarını Qazaxıstana çağıracağını və bu qoşunların sərhəddə gözlədiyini, bir neçə saata Qazaxıstana daxil olacağını bilirdi".
"AzPolitika.info" xəbər verir ki, bunları eks-spiker Rəsul Quliyev Qazaxıstanda baş verən hadisələrə münasibət bildirərkən deyib.
O, xatırladır ki, ÜDM, orta aylıq əmək haqqına görə Qazaxıstan keçmiş sovet respublikaları arasında yuxarı pillədə dayanır. "Bəs, nə üçün qazın qiymətinin qaldırılmasına görə camaatın küçələrə çıxması cəmi 2 gün ərzində siyasi müstəviyə keçib”, - keçmiş spiker sual edir.
R.Quliyev əlavə edir ki, əvvəlcə Nazarbayevin siyasi səhnəni tərk etməsi, ardınca Prezidentin istefası tələbi irəli sürülüb. "İlk növbədə onu deyim ki, Qazaxıstanın Prezidenti Tokayev bütün parametrləri ilə prezidentliyə layiq deyildi. Onun ən böyük vəzifəsi Qazaxıstanın Rusiyada səfiri ola bilərdi. Nazarbayev onu ailəyə sadiqliyinə görə hakimiyyətə gətirdi. Ancaq o nə Nazarbayevi, nə də onun ailəsini qoruyub saxlaya bilmədi. İndi özünü saxlamaq naminə xalqını qırmağa hazırlaşır".
Rəsul Quliyev vurğulayıb ki, rusların Qazaxıstanda yerləşməsi Tokayevə cəsarət verib. Eks-spiker daha sonra Prezidentin səhvlərini sadalayıb:
"1. İlk növbədə tələsik hökuməti istefaya göndərmək səhv idi. Prezident özünün sədri olduğu komissiya yaratmalı və 5 gün analiz edəndən sonra hansı qərara gəldiyini elan etməli idi.
2. Tokayev qazın qiymətini ancaq etiraz baş verən regionda aşağı saldı, nəticədə qərarın sabahı bütün Qazaxıstan ayağa qalxdı. Məgər, ağlı olan adam belə bir iş görərmi?!
3. Tokayev öz xalqına qazax dilində yox, rus dilində müraciət etdi. Mən qazaxlarla çox yaxşı tanışam. Bu ölkədə də Ukraynanın qərbində olduğu kimi qatı millətçilər var. Xatırladım ki, psevdoağıllı Putin “ümumiyyətlə Qazaxıstanda heç vaxt dövlət olmayıb” bəyanatını verəndə Qazaxıstan ziyalılarının cavabları ona və ruslara qarşı nifrətlə dolu idi. Qazaxıstanın 21 milyonluq əhalisinin 16 miliyonu qazaxdır, cənab Prezident!".
4. Tokayev Rusiya qoşunlarını Qazaxıstana çağırdı. Rusiyanın "sülhməramlı" adlandırdığı hərbi qüvvələr əslində Prezidenti qorumaq üçündür. Ölkəni faktiki işğal edib hərbi bazalarını Özbəkistan və Türkmənistanla sərhəddə yerləşdirmək məqsədi daşıyır".
Rəsul Quliyev bildirir ki, Qazaxıstanda iki hakimiyyət mövcud idi, bir çoxları Tokayevə tabe olmurdu, onu adam yerinə qoymurdular: "Xaraktercə zəif olan Tokayev "təki postuma dəyməsinlər, nə istəyirlər etsinlər" mövqeyini tutdu. Bu da axırı. Tokayev camaatın içinə çıxmır, rayonlara getmir, camaatla ürəkdən söhbət etmir. Camaat bu adamı televizordan və rus dilində danışması ilə tanıyır. Nəticədə Nazarbayev və ailəsi Qazaxıstandan qaçdı. Tokayevi isə əvvəl-axır ələ keçirib asacaqlar”.